"Əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetidir"

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynovanın yap.org.az-a müsahibəsi

- Sevinc xanım, bu gün Azərbaycan özünün yüksək inkişaf mərhələsini yaşayır. Bu baxımdan, sosial sahədə həyata keçirilən dövlət siyasətini necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, ölkəmizdə bütün sahələrdə, o cümlədən, sosial sahədə uğurlu dövlət siyasəti həyata keçirilir. Məhz bu səbəbdən də reallaşdırılan siyasət, aparılan islahatlar öz müsbət nəticələrini verməkdədir. Artıq Azərbaycanın inkişaf modeli dünyanın bir sıra dövlətləri üçün nümunəyə çevrilib, həmin dövlətlər ölkəmizin təcrübəsindən yararlanmağa çalışırlar. Həqiqətən də, dövlətimizin sosial siyasəti nəticəsində əhalinin rifahı xeyli yüksəlib, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. 2003-cü ildən etibarən 1,9 milyon yeni iş yeri açılıb ki, bu da işsizliyin aradan qaldırılmasında müstəsna rol oynayır. Bir sözlə, Azərbaycanda sosial dövlət quruculuğu uğurla həyata keçirilir. Xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan maksimum istifadə edilir.

Bütövlükdə, son illər ərzində çox ciddi sosial tədbirlər həyata keçirilib. Azərbaycanda sosial müdafiə sistemi yenilənib, yeni islahatlar aparılıb. Sosial sığortanın həmrəylik prinsipindən fərdi uçot prinsipinə keçilib, sosial müdafiədə ünvanlılığa üstünlük verilib, eləcə də, pensiya islahatları nəticəsində təqaüdlər xeyli artıb. Sosial müdafiəyə ayrılan dövlət büdcəsinin həcmi də artıb. Beləliklə, Azərbaycanda insanların sosial müdafiəsi hiss olunan dərəcədə güclənir. Bu da ondan irəli gəlir ki, Azərbaycanda əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir.

- Azərbaycanın inkişafında vacib rol oynayan amillərdən biri regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyəti nədən ibarətdir?

- Əlbəttə ki, 2004-cü ildən bu yöndə görülən işlər nəticəsində çox mühüm nailiyyətlər əldə edilib. Ölkəmizdə inkişafa xidmət edən islahat xarakterli tədbirlər məhz bütün sahələri əhatə edir. Bu siyasət çərçivəsində regionların sosial-iqtisadi inkişafı xüsusi yerə malikdir. Ümumiyyətlə, istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sənaye potensialının artırılması istiqamətində görülən işlər, həmçinin qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi kimi tədbirlər dayanıqlı inkişafın təmin olunması baxımından vacib əhəmiyyət daşıyır. Bütün bunların fonunda ölkə iqtisadiyyatının davamlı tərəqqisinin ən bariz təzahürlərindən biri də regionların sosial-iqtisadi inkişafıdır.

Azərbaycanda regionların tarazlı şəkildə inkişaf etdirilməsi strateji kurs kimi müəyyənləşdirilib. İndiyədək respublikamızda regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda üçüncü Dövlət Proqramı da müvəffəqiyyətlə yerinə yetirilir.

Ötən il ərzində də regionların sosial-iqtisadi inkişafı diqqət mərkəzində olub. Bütövlükdə, regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın tərəqqisinə xidmət edir.

- Hazırda əsas hədəflərdən biri qeyri-neft sektorunun əhəmiyyətli dərəcədə inkişafı, eləcə də, ölkəmizin ixrac potensialının artırılmasıdır. Bu yöndə görülən işləri necə dəyərləndirirsiniz?

- Son illərdə həm regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları, həm də yeni nəsil iqtisadi islahatlar çərçivəsində həyata keçirilən tədbirlərin nəticəsi olaraq ölkəmizin bölgələrində ixracyönümlü məhsul istehsalına maraq əhəmiyyətli dərəcədə artıb. Hərtərəfli dövlət dəstəyindən, o cümlədən güzəştli kreditlərdən, subsidiyalardan, ixracın təşviqi mexanizmindən, daxili istehsalın dəstəklənməsindən bəhrələnən fermerlər onlara məxsus torpaq sahələrindən daha səmərəli istifadə etməyə, məhsuldarlığı artırmağa və xarici bazarlara daha böyük həcmlərdə rəqabətqabiliyyətli məhsul çıxartmağa çalışırlar.

Azərbaycanın yeni ixrac hədəfləri müəyyənləşdirilərkən ölkənin reallıqları əsas götürülüb. Bir tərəfdən respublikamızın coğrafi-iqlim xüsusiyyətləri elədir ki, burada yüksək rəqabət qabiliyyətinə malik məhsul yetişdirmək üçün hər cür imkan vardır. Digər tərəfdən, geniş ixrac bazarları ilə əhatə olunması ölkəmizin böyük üstünlüyüdür. Bu bazarlarda Azərbaycanın keyfiyyətli meyvə-tərəvəz məhsullarını yaxşı tanıyır və yüksək qiymətləndirirlər. Respublikamızın qarşıya qoyduğu məqsəd isə həm ənənəvi satış bazarlarında mövqelərini daha da möhkəmləndirməkdən, həm də yeni bazarlara çıxmaqdan ibarətdir. Son vaxtlar Azərbaycandan uzaq xarici ölkələrə göndərilən ixrac missiyaları həmin ölkələrin bazarlarını araşdırır, eyni zamanda meyvə-tərəvəz, emal sənayesi məhsullarımızı tanıdırlar. Bütövlükdə, “Made in Azerbaijan” brendinin təşviqi məqsədi ilə vacib tədbirlər həyata keçirilir. Bütün bunlar gələcəkdə ixrac imkanlarını daha da genişləndirəcək.

- Sevinc xanım, təmsil etdiyiniz Gədəbəy rayonunun sosial-iqtisadi inkişafı haqqında nə deyə bilərisiniz?

- Təbii ki, ölkəmizin bütün regionlarında baş verən inkişaf prosesləri Gədəbəy rayonunda da özünü aydın şəkildə göstərir. 2004-cü ildən reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dövlət proqramlarının irası nəticəsində rayonumuzun siması əhəmiyyətli dərəcədə dəyişib. Bu dövr ərzində yeni yollar, körpülər çəkilib, məktəblər, tibb ocaqları tikilib. Eləcə də, rayonun kəndlərinin qazlaşdırılması prosesi davam etdirilir. Bu reallığı ötən ilin nəticələrində də görmək mümkündür.

Bütövlükdə, 2017-ci il Gədəbəy rayonu üçün uğurlu il olub, rayonun inkişafı, sosial infrastrukturun yaradılması ilə bağlı həyata keçirilən işlər davam edib. Ötən ilin uğurlu olmasını deməyə əsas verən ən əsas məqam Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 avqust tarixində rayonumuza səfər etməsidir. Bu səfər çərçivəsində cənab Prezident Heydər Əliyev Mərkəzinin, Gədəbəy şəhərinə əzəmət bəxş edən Bayraq meydanının, “Gədəbəy Mineral Suları” MMC-nin limonad istehsalı müəssisəsinin, “Azərişıq” ASC-nin 110/35/10 kv-luq Gədəbəy elektrik yarımstansiyasının və Gədəbəy şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib. Bu səfərdən sonra dövlət başçısı 22 avqust 2017-ci il tarixdə “Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərancam imzalayıb. Bu Sərancam və o cümlədən rayonumuzun inkişafı ilə bağlı verdiyi tapşırıqlar cənab Prezidentimizin Gədəbəy rayonuna və gədəbəylilərə göstərdiyi diqqətin bariz nümunəsidir.

Onu da qeyd edim ki, Azərbaycan Kənd İnvestisiya Layihəsi-2 çərçivəsində rayonun 5 kəndində ümumi uzunluğu 37,5 km olan kəndarası yollar təmir edilib. 108 şagird yerlik Şınıx kənd tam orta məktəbi tikilərək istifadəyə verilib, Soyuqbulaq kənd orta məktəbi əsaslı təmir edilib. Köhnəkənd kəndində modul tipli məktəbin tikintisində son tamamlama işləri aparılır.

Həmçinin, rayonun Xarxar və Düzyurd kəndlərində seçicilərlə keçirilən görüşlər zamanı insanlar həmin kəndlərin yüksək keyfiyyətli rabitə xidməti və sürətli internetlə təmin olunması xahiş etmişdilər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qeyd olunan kəndlərdə müasir tipli EATS quraşdırılıb və əhalinin istifadəsinə verilib. Bu sahədə digər kəndlərdə də işlərin aparılması nəzərdə tutulur. Rayonun Dəyirmandağ kəndində isə seçicilərlə keçirilən görüşdə orada həkim məntəqəsi binasının olmadığı bildirilmişdi. Yaponiya hökümətinin “Ot kökləri və insan təhlükəsizliyi Qrant yardım proqramı” çərçivəsində əhalisi 3495 nəfər olan Dəyirmandağ kəndində yeddi otaqdan ibarət, müasir tələblərə cavab verən həkim məntəqəsi tikilərək əhalinin istifadəsinə verilib. Quruculuq, sosial-iqtisadi inkişaf prosesləri Gədəbəy rayonunda bu il ərzində də uğurla davam etməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə