Müsavatdan sonra, KXCP-də də gərginlik yaranıb TƏRS BAXIŞ

Son vaxtlar ənənəvi müxalifət cinahında baş verən istefalar, eləcə də sədr-müavin savaşları artmağa başlayıb. Belə ki, Müsavat partiyasında Tofiq Yaqublu məsələsinin ardınca, KXCP sıralarında da bənzər olay yaşanıb. Daha dəqiq desək, T.Yaqublunun başqan müavinliyi və divan üzvlüyündən çıxarılmasının səbəbi olaraq, onun AXCP sədri Əli Kərimlinin nəzarətində olan “Milli Şura”da təmsil olunmasıydı.

Məsələ ondadır ki, “klassiklərin” sədri Mirmahmud Mirəlioğlu da son zamanlaradək müavini olmuş Oqtay Gülalıyevi həmin postdan uzaqlaşdırıb, bunun ardınca isə partiyanın ali məclis üzvlüyündən də xaric edib. Məhz o da O.Gülalıyevin “Milli Şura”da təmsil olunmasını əsas səbəb olaraq göstərib. Bundan sonra tərəflər arasında gərginlik pik həddə çatıb.

Mirmahmud Mirəlioğlu bu məsələnin altından Oqtay Gülalıyevin çıxdığını öyrənib

SİA xəbər verir ki, O.Gülalıyev özünün “facebook” səhifəsində ali məclis üzvlüyündən xaric edilməsini bilavasitə KXCP sədri M.Mirəlioğlunun təkidi nəticəsində baş tutduğunu iddia edib. Belə ki, Gülalıyev KXCP sədrinə seçkilərə qatılmamaq və “boykot” etmək çağırışı edib. Halbuki, Mirəlioğlu daha öncə seçkilərə qatılmaq barədə qərarlarının olduğunu demişdi. Lakin sonradan KXCP-nin məclisinin növbədənkənar iclası keçirilib və orada əks-qərar qəbul olunub. Bundan sonra M.Mirəlioğlu bu məsələnin altından O.Gülalıyevin çıxdığını öyrənib və təkidlə həmin iclasdan tələb edib ki, Gülalıyev bütün vəzifələrindən uzaqlaşdırılsın. Beləliklə, bəlli olur ki, sözügedən qərar, yəni seçkilərə qatılmamaq qərarı sədrin istəyi əleyhinə verilib.

Oqtay Gülalıyev: “Fərqindəyəm ki, bu cəza mənim “Milli Şura”dakı fəaliyyətimlə bağlıdır”

Digər maraqlı məqam O.Gülalıyevin növbədənkənar məclis iclasında iştirak etməməsidir ki, M.Mirəlioğlu partiyadaxili opponentinin iclasda olmamasına rəğmən, onun haqqında istefa qərarının verilməsini tələb edib. Bu barədə Gülalıyev özü də yazıb: “Bu dəfə sədr mənim məclis üzvlüyünə namizədliyimi onun tərəfindən 1/3-lə (prosedur qayda-R.R.) irəli sürdüyünü bildirərək indi də namizədliyini geri çəkdiyini qeyd edib. Və məclis üzvlərindən xahiş edib ki, onun təklifinə səs versinlər. Özünün iştirakı olmadan şəxsə aid məsələnin müzakirəsinin kobud nizamnamə pozuntusu olduğu dəfələrlə sədrə xatırladılsa da o, inadından əl çəkməyib. Beləliklə, bəyənmədiyimiz sovet dövründən fərqli olaraq özümün iştirakım olmadan, məni dinləmədən məlum çağırışıma görə KXCP ali məclisinin üzvlüyündən xaric olunmuşam. Təbii ki, fərqindəyəm ki, bu ”cəza" orda deyildiyi kimi, həm də mənim “Milli Şura”dakı fəaliyyətimlə bağlıdır”.

Baş verənlər ənənəvi düşərgədəki real və acınacaqlı vəziyyətin tam sübutudur

KXCP-dəki mənbə isə bildirib ki, O.Gülalıyev sonradan M.Mirəlioğlu ilə görüşmək istəyib, hətta təşkilatın ofisində gözləyib. Lakin Mirəlioğlu qarşı tərəfi görərkən ona “rədd ol” deyərək, qərargahdan qovub.

Sonradan mətbuata açıqlama verən M.Mirəlioğlu bildirib ki, O.Gülalıyev partiyanın nizamnaməsini pozub və destruktiv fəaliyyətlə məşğul olub. Ona görə də ali məclisdən xaric edilib. Beləliklə, KXCP-nin sıravi üzvünə çevrilən Gülalıyevin yaxın vaxtlarda ümumiyyətlə, bu təşkilatdan çıxarılacağını bəri başdan ehtimal etmək olar. Baş verənlər isə söz yox ki, ənənəvi düşərgədəki real və acınacaqlı vəziyyətin tam sübutudur.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə