Politoloq: “Bölgədə müharibə risqi azalmayacaq” MÖVQE

ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyasının daimi komitəsinin iclasında Ermənistan nümayəndə heyətinin rəhbəri Hermine Nağdalyan ənənəvi olaraq Azərbaycana qarşı iftiralar səsləndirib. O, Cənubi Qafqazda həyata keçirilən infrastruktur layihələrində Ermənistanın düşünülmüş şəkildə təcrid edilməsini qeyri-qanuni addım kimi dəyərləndirib.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən politoloq Elxan Şahinoğlu deyib ki, bu Ermənistan təmsilçilərinin ənənəvi siyasətidir: “Torpaqlarımızı işğal etdikləri bəs deyil hələ bizi nədəsə ittiham edirlər. Qorxu içindədirlər. Bilirlər ki, torpaqları boşaltmayana qədər bölgədə müharibə risqi azalmayacaq. Hər gün cəbhə bölgələrində itkiləri var. Əhalisi azalan Ermənistan üçün bu itkilər böyük problemə çevrilir”.

Qeyd edək ki, Avstriyada ATƏT Parlament Assambleyasının (PA) qış sessiyası işə başlayıb. Fevralın 22-23-də Vyanada keçiriləcək toplantıda iqlim dəyişikliyi və onun qlobal fəsadlarının uzunmüddətli mübarizə strategiyasının hazırlanması, ATƏT məkanında silahlara nəzarətlə bağlı yaranan problemlər və silah yayılmasının qarşısının alınması, yanlış informasiyaların demokratiyaya təsirləri mövzusunda müzakirələr aparılacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə