Əli Orucov: "AXCP ilə Müsavat biri-birinə potensial rəqib kimi baxırlar"

Müsahibimiz AMİP funksioneri Əli Orucovdur

- Əli bəy, prezident seçkilərinə rəsmi start verildikdən sonra müxalifət daxilində bir çaxnaşma, həm də fəallıq müşahidə edilməyə başlayıb. Sizcə, bu fəallığın daha çox hansısa bir xarici qüvvənin diqqətini özünə cəlb etməyə hesablandığını demək olarmı?

- Seçki dönəmlərində ölkədə siyasi fəallığın artması normaldır. Amma müxalifət düşərgəsi partiya və qurumlarının bir çoxunun seçkilərdən imtina etmələri təəssüf doğurur. Əgər hansısa xarici qüvvə amili olacaqsa, onda narahatlığa dəyər. Müşahidələrimə görə təhlükəli fəallıq, hələ ki, sezilmir.

- Son günlər müxalifət düşərgəsini təmsil edən partiya sədrləri, o cümlədən, İqbal Ağazadə, Əli Əliyev, Sərdar Cəlaloğlu, Cəmil Həsənli İrana və Avropaya səfərlər edirlər. Bunu nə ilə əlaqələndirmək olar?

- Cəmil Həsənlinin və digər müxalifət liderlərinin xarici ölkələrə nə üçün və hansı məqsədlə getmələrini bilmirəm. Amma AMİP-in nümayəndə heyəti 18 fevraldan İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən Beynəlxalq Demokratiya İttifaqının Qurultayında iştirak edir və hazırda da səfərlərini davam etdirirlər. Qurultay çərçivəsində AMİP Ermənisatnın hakim partiyası olan Ermənistan Respublikaçılar Partiyasının bu nüfuzlu quruma üzvlüyünə namizədliyinə mane olub.

- Müxalifət xaricdən verilən təlimata və göstərişə əsasən, seçkilərin abı-havasına kölgə salmaq üçün hansısa pozuculuq aktları və təxribatlar törədə bilərmi?

- Müxalifət rəngarəng və spesifik olduğundan və bu sual ümumi xarakter daşıdığından, kimin haradan hansı təlimatı aldığını söyləmək mümkün deyil. Eyni zamanda, bu barədə məndə hər hansı məlumat yoxdur. Yaxşı olardı ki, belə məsələlərlə xüsusi xidmət orqanları məşğul olsun və müvafiq tədbirlər görsünlər. Seçkilərin keçirilməsi zamanı hansısa təxribata gəlincə isə, buna müxalifət istəsə belə, nail ola bilməz. Çünki həmin imkanlar müxalif partiyalarında yoxdur. Seçkilər keçiriləcək.

- A.Hacılı Ə.Kərimliyə birgə aksiyaların keçirilməsi xahişi ilə müraciət edib. Sizcə, "Milli Şura" ilə Müsavat arasında gərgin qarşıdurmaların olduğu bir məqamda Ə.Kərimli A.Hacılının xahiş və müraciətinə müsbət münasibət göstərəcəkmi?

- Mən güman etmirəm ki, Müsavat partiyası ilə AXCP arasında, yaxın müddət ərzində, hansısa razılılaşma olsun. AXCP ilə Müsavatın birgə kütləvi aksiyalar keçirəcəkləri də inandırıcı deyil. Hər iki partiya bir-birlərinə tərəfdaş kimi yox, potensial rəqib kimi, bəzı anlarda isə, hətta düşmən kimi baxırlar. Hər iki partiya və sədr də iddialı və təkəbbürlüdürlər. Partiyaların alt qatlarında da qarşılıqlı antipatiya hakimdir. Müsavat partiyasını və AXCP-ni yaxınlaşdıracaq ortaq maraqlar hələ ki, mövcud deyil.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə