"İRƏLİ” Xocalı faciəsi aksiyasına start verir

Bəşər tarixində iz qoyan Xocalı faciəsindən 26 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə divan tutmuşlar. Xocalı faciəsi zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olub, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülüb.

"İrəli" İctimai Birliyindən SİA-ya verilən məlumata görə, informasiya müharibələrinin sürətlə artdığı bir dövrdə, “İRƏLİ” İctimai Birliyi sosial şəbəkələrdə erməni təcavüzkarlarının törətdiyi faciə ilə bağlı aksiyalara start verib. Aksiyaların keçirilməsində məqsəd bütöv Azərbaycanı parçalamaq arzusunda olan erməni təcavüzkarlarının xalqımızın başına gətirdiyi müsibəti dünya ictimaiyyətinə çatdırmaq, faciə haqqında məlumatsız olan insanları insanlığa qarşı törədilmiş cinayət haqqında məlumatlandırmaqdır. Birlikdən verilən məlumata görə, sosial şəbəkələrdə təsir qüvvəsi çox olan Twitter sosial şəbəkəsində aksiyaya çoxlu sayda gənc qoşulub. Aksiyanın 27 fevraltarixinə kimi davam etməsi nəzərdə tutulur.

Belə ki, aksiyaya qoşulmaq istəyən şəxslər, Twitter sosial şəbəkəsi üzərindən #justiceforKhojaly, #Azerbaijan, #ireli2018 hashtaglarından istifadə edərək müxtəlif növdə olan məlumatlandırıcı paylaşımlar etməklə Azərbaycan həqiqətlərini daha böyük auditoriyalara çatdırılmasına nail ola bilərlər.

Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyi ötən il dəHeydər Əliyev Fondunun Xocalıya Ədalət Beynəlxalq Kampaniyası çərçivəsində Xocalı Soyqırımının tanınması ilə bağlı sosial şəbəkə aksiyası həyata keçirmişdir. 300-dən artıq gəncin qoşulduğu twitter, facebook, instagram kimi sosial şəbəkələrdə #justiceforkhojaly haştaqı altında paylaşımlar edərək aksiyada yaxından iştirak edib və müxtəlif erməni qruplarına qarşı tutarlı arqumentlərlə çıxış edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə