Mustafa Hacıbəyli niyə xofa düşdü MÜXALİFƏT

Yaxud, Eldar Namazovun doğru qərarı kimləri qorxuya salıb?

Vaxtilə “Milli Şura”nın təsisçilərindən biri olan, radikal müxalifət düşərgəsində müxtəlif siyasi hərəkat və bloklar yaradan Eldar Namazovun bir neçə gün öncə etdiyi bəlli və doğru seçimi adıçəkilən düşərgəyə soyuq duş effekti verdi. Yəni onun hakim partiyanın namizədinə dəstək verəcəyi ilə bağlı verdiyi qərarı elə “Milli Şura”nı da, orada təmsil olunan və olmayan şəxsləri də, xofa saldı. Hətta daha çox xoflananlardan biri - Müsavat partiyasının başqanı Arif Hacılının qardaşı, bu siyasi təşkilatın Məclis üzvü Mustafa Hacıbəyli dözməyib, partiyasına məxsus saytda yazı da yazıb. Misal üçün, həmin yazısında qeyd edib ki, 2013-cü il seçkilərində Rüstəm İbrahimbəyovun namizədliyi ətrafında spekulyasiyalar gedən vaxt o, “Milli Şura”nın seçki qərargahının rəhbəri təyin edilmişdi, hətta bu qurumun seçki qərargahının ACP qərargahında keçirilən iclasında onunla, yəni Eldar Namazovla ciddi mübahisi də olubmuş M.Hacıbəylinin...

Həmin mübahisənin tam nöqtə-vergülünə varmayaraq, sadəcə qeyd etmək yerinə düşərdi ki, həmin vaxt aralarında olan dava-dalaş imza toplamaq üstündəymiş. Daha dəqiqi, E.Namazovun qərargah rəhbəri olduğuna görə, müsavatçılara göstəriş verməsi M.Hacıbəylinin “çestinə” dəyibmiş. O da durub-durub məhz indi, 2018-ci il seçkiləri ərəfəsində həmin məsələni xatırlayıb. Bu zaman sual olunur, M.Hacıbəyli, nəyə görə bu məsələni elə o vaxtlar açıqlamadın, yaxud, Müsavat “Milli Şura”nı tərk edərkən niyə demədin və indi, yəni E.Namazov siyasi baxışına yenidən nəzər saldıqdan sonra “xoda” düşdün, üstəlik, həmin vaxt E.Namazovun tərəfində dayanan ALP-nin sədrəvəzi Əvəz Temirxanı, cəbhəçilər Asəf Quliyevi, Rafiq Daşdəmirlini (hazırda onlar da AXCP sıralarını tərk ediblər-R.N.) və Gözəl Bayramlını necə deyərlər, “baqaja” qoydun? Bu da azmış kimi, Rüstəm İbrahimbəyovun deyil, Cəmil Həsənlinin imzalarının yarıdan çoxunun məhz müsavatçılar tərəfindən toplandığını iddia etdin. Beləliklə, M.Hacıbəyli demək istəyir ki, guya o E.Namazova qarşı hələ o vaxtdan mübarizə aparıbmış və s. Üstəlik, AXCP-nin də bostanına daş atır ki, 2013-cü ildə “Milli Şura”da müsavatçılardan savayı başqa hər kəs E.Namazovun mövqeyinə dəstək verdilər və indi də E.Namazov onların hamısından imtina edib.

Əslində, M.Hacıbəylinin bu qədər xoflanması kimsədə təəccüb yaratmamalıdır. Çox yəqin ki, E.Namazovun az-çox siyasətdən anlayan bir adam kimi radikal müxalifətdən imtina etməsi düşərgə üçün itki sayıla bilər. Lakin bu amil onlarda bir qorxu-hürkü, xof da yaradıb. Nə etmək olar, onsuz da zaman-zaman radikal düşərgədən baş verən qopmalar son anda tərk edən tərəflərin reallığa, gerçəkliyə doğru qiymət verməsi ilə nəticəsini tapır. E.Namazov isə onlardan fərqli olaraq, ağıllı adamdır ki, vaxtında öz mövqeyini ortaya qoymuş oldu.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə