2018-ci il fevralın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri ilə görüşüb. SİA-nın veriyi məlumata görə, sədr Məzahir Pənahov nümayəndə heyətini salamlayaraq, Mərkəzi Seçki Komissiyasında keçirilən görüşdən məmnunluğunu bildirib.

Səmimi qəbul üçün sədr M.Pənahova təşəkkürlərini bildirən ATƏT/DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndə heyəti Azərbaycanın seçki sistemi, seçki komissiyalarının fəaliyyət prinsipləri, seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində görülən işlər, eləcə də 2018-ci il aprelin 11-nə təyin edilmiş seçkilərə hazırlıqla maraqlanıb.

Mərkəzi Seçki Komissiyasının beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıq olduğunu və bu münasibətlərin Azərbaycanda seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında mühüm rol oynadığını vurğulayan MSK sədri ölkəmizin seçki sistemi barədə ətraflı danışıb. Məzahir Pənahov həmçinin, diqqətə çatdırıb ki, 2018-ci il aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar MSK tərəfindən təsdiq olunmuş Təqvim Planına əsasən intensiv şəkildə atılan addımlar ardıcıl və keyfiyyətlə gerçəkləşdirilir. Bütün bu tədbirlərin həyata keçirilməsində başlıca məqsəd isə Azərbaycan vətəndaşlarının seçki hüquqlarının daha səmərəli təmin olunmasıdır.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə