Elçin Mirzəbəyli: “Xocalı ilə bağlı Ərdoğanın fikirləri çox önəmlidir" ŞƏRH

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının parlament qrupunun toplantısında Xocalı soyqırımı haqqında çıxış etməsini və bu qətliamı pisləməsini təbii qəbul edirəm. Çünki Azərbaycan Türkiyənin, Türkiyədə hər zaman Azərbaycanın yanındadır”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Siyasi şərhçinin sözlərinə görə, Xocalı ilə bağlı, Azərbaycan torpaqlarının işğalı ilə bağlı həqiqətləri dilə gətirmək həm də haqq-ədalət mərtəbəsidir: “Türkiyə prezidenti öz çıxışında sadəcə olaraq qardaş ölkənin yanında olmadığını, həm də konkret faktlarla müşaiət olunan, sübuta yetirilmiş bir tarixi cinayət hadisəsi ilə bağlı öz ədalətli mövqeyini diqqətə çatdırdığını sərgilədi. Bu aspektdən də həm qardaşlıq münasibətləri baxımından, həm də haqqın-ədalətin ifadə olunması baxımından təbii ki, Rəcəb Tayyib Ərdoğanın fikirləri çox önəmlidir. Nəzərinizə çatdırım ki, ümumiyyətlə Xocalı soyqırımı faktı R.T.Ərdoğanın da bildirdiyi kimi bəşər tarixinin ən böyük cinayətlərindən biridir. Bu faktın tanıdılması, bu istiqamətdə ciddi şəkildə addımların atılması, Türkiyə ilə Azərbaycanın səylərinin bundan sonra da davam etdirilməsi həm də qondarma erməni soyqırımı ilə bağlı Türkiyəyə qarşı irəli sürülən ittihamlara ən ciddi cavabdır. Çünki ermənilər özlərinin məzlum və soyqırımına məruz qalmış bir xalq kimi dünyaya tanıtmaq istiqamətində uzun illərdir ki, yalanlar uydururlar. Lakin ortalıqda konkret faktlarla, şahid ifadələri, cinayətkarların etirafları ilə, video və foto materiallardan ibarət bir fakt var. Bu bəşəriyyətin gözü qarşısında baş verən hadisədir. Bu baxımdan Xocalı soyqırımı Ermənistanın uydurmalarına, yalanlarına Dağlıq Qarabağda, işğal altında olan Azərbaycan ərazilərində həyata keçirilən cinayətlərin bir nümunəsi kimi veriləcək ən tutarlı cavabdır.

Bu yaxınlarda Azərbaycanda 31 Mart soyqırımının 100 illiyi qeyd olunacaq. Bu konteksdə də Türkiyə ilə Azərbaycanın birgə hərəkət etməsinə ehtiyac var. Çünki 31 Mart soyqırımı həm də Türkiyə ilə Azərbaycanın, eləcə də Azərbaycanla Türkiyənin ortaq tarixinin bir parçasıdır. Bildiyiniz kimi həmin dövrdə Qafqaz İslam ordusunda döyüşən türk əsgərləri azərbaycanlıları və bölgədə yaşayan digər xalqları ermənilərin soyqırımından xilas etmək üçün Azərbaycana gəlmişdilər. Onlar da acı cinayətlərin şahidləri və qurbanlarıdır. Bu aspektdən də bu fakt sübuta yetirir ki, vaxtilə müharibə vəziyyətində olmasına baxmayaraq Osmanlı Türkiyəsinin hərbi qüvvələrinin Azərbaycana gələrək azərbaycanlıları ermənilərin soyqırımından xilas etməsi həm də sübuta yetirir ki, türk əsgərləri daim xilaskar obrazında çıxış ediblər. Onların missiyası əzilən, soyqırımına məruz qalan xalqları xilas etməkdən ibarət olub".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə