2018-ci il radikal cameənin son ili olacaq TƏRS BAXIŞ

Yaxud, Cəmil Həsənlinin “mokrofon” vermək vədi boşa çıxdı

Məlum olduğu kimi, bəzi radikal təxəyyüllü müxalifət partiyaları aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirak etməkdən imtina ediblər. Lakin buna baxmayaraq, heç bir siyasi uğur əldə edə bilməyən bu siyasi təşkilatlardan fərqli olaraq, artıq digər bəzi müxalifət partiyaları seçkilərdə iştirak etmək qərarını verməklə yanaşı, MSK-dan qeydiyyatdan da keçiblər.

Lakin onu da xatırladaq ki, “Milli Şura”-AXCP cütlüyündən fərqli olaraq, seçkiyə qatılmayacaqlarını bəyan edən Müsavatın və digər siyasi qurumların hansı mövqe seçəcəkləri dəqiq deyil. Yəni görünən budur ki, bu siyasi təşkilatlar ayrı-ayrılıqda hərəkət edəcəklər. Hətta bəri başdan belə qənaətə gəlmək olar ki, AXCP ilə Müsavatın hər hansı danışığı, birgə addım atacaqları baş tutmayacaq. Bütün bunlar isə radikalların indidən özlərini məğlub elan etmələri anlamını önə çıxarmış olur.

Bu tapşırığı Cəmil Həsənliyə Əli Kərimli verib

Bu arada digər bir olay diqqətləri cəlb etdi. Daha doğrusu, “Milli Şura”nın sədri Cəmil Həsənlinin onlarla olmayan müxalifət partiyalarına çağırış etməsi cavabsız qaldı. Bütün bunlar isə ümumilikdə radikal düşərgənin bütün cinahlarında vəziyyətin nə qədər kritik və böhranlı olduğunu isbatlayır. Xatırladaq ki, C.Həsənli çox güman ki, Əli Kərimlinin göstərişi əsasında seçkilərə qatılmayacaq partiyalara çağırış edib və mitinq keçirməklə onlara söz demək vədini verib. Qısası, C.Həsənli Ə.Kərimlinin və özünün çox sevdiyi mikrofonlarını müsavatçılarla və s. radikallarala paylaşacaqlarmış...

Əslində bu gülünc və istehza doğurucu çağırış cəmiyyətdə də radikallara qarşı ironik münasibət formalaşdırdı. Başqa tərəfdən, sözügedən çağırış həm də belə deməyə əsas verir ki, radikal müxalifət bu seçkilərə də hakimiyyət uğrunda yox, özünü müxalifət kimi göstərmək uğrunda mübarizə kimi baxır.

30 ilə yaxındır ki, çox uğursuz tərəfdaşlıq təcrübələri onlar arasındakı birliklərin qurulmasını mümkünsüz edib

Çünki müxalifəti siyasi biznesə çevirən bu şəxslər maddi gəlirlərini rəhbərlik etdikləri siyasi qurumlardan əldə edirlər. Yəni “istənilən partiyanın sədrinə söz verə bilərik”, fikri də bu amili ehtiva edir. Ancaq bütün bunlar əlbəttə ki, ambisiyalardan doğan faktordur.

Ümumiyyətlə, radikal müxalifət partiyaların rəhbərliyində təmsil olunan şəxslərin bir-birilərinə olan ifrat mənfi münasibətləri, 30 ilə yaxındır ki, çox uğursuz tərəfdaşlıq təcrübələri onlar arasındakı birliklərin qurulmasını mümkünsüz edib. Hətta özlərini “lider” adlandıranlar öz postlarında, ambisiyalarında qaldıqca, onların arasında parçalanmalar da çoxalacaq. Heç bir perspektivləri olmayan radikallar bu reallıqdan ümumiyyətlə qurtula bilməyəcəklər. Hətta əminliklə qeyd edə bilərik ki, 2018-ci il bu cameənin son siyasi ili olacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə