Mladen İvaniç Qlobal Bakı Forumunda üçüncü dəfə iştirak edəcək

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumunda üçüncü dəfə iştirak edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya bildiriblər ki, Mladen İvaniç Forumun “Çoxluqlar milli azlıqlara qarşı” mövzusuna həsr olunan panel iclasında əsas çıxışçı olacaq. O, mövzu ilə bağlı ölkəsinin və digər Balkan dövlətlərinin təcrübəsini paylaşacaq, bu məsələyə dair fikir və təkliflərini səsləndirəcək.

Bosniya və Herseqovina hökuməti ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) arasında bir neçə ildir səmərəli əməkdaşlıq əlaqələri mövcuddur və birgə əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirilib. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniçin dəstəyi ilə 2016-cı ilin noyabrında Sarayevoda Mərkəzin IX ali səviyyəli toplantısı, fevralda isə “Dinlərarası dialoq və ekstremizmə cavab” mövzusunda xüsusi toplantı baş tutub. Həmin toplantı çərçivəsində NGBM-nin üzvləri ilə Bosniya və Herseqovinanın Prezident Şurasının üzvləri arasında görüşlər də keçirilib. 2017-ci il noyabrın 20-də isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciyanın rəhbərliyi ilə “Balkanların Avropa gələcəyi” mövzusunda konfrans təşkil olunub.

Xatırladaq ki, martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumunda Albaniya Respublikasının Prezidenti İlir Meta, Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç, digər ölkələrin indiki və keçmiş prezidentləri, baş nazirləri, nazirləri, tanınmış siyasətçiləri, ziyalıları iştirak edəcəklər. “İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan Forumda Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda hazırkı və gələcək vəziyyət, Çinin xarici siyasəti kimi bir sıra qlobal məsələlər müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə