“Arxivlər İrəvanın Azərbaycana məxsusluğunu təsdiqləyir” TƏHLİL

"Osmanlı və Ararat respublikasının arxivləri İrəvanın Azərbaycana məxsusluğunu təsdiqləyir". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz sədrinin sözlərinə görə, Ermənistanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrəvan, Zəngəzur və Göyçənin Azərbaycana məxsusluğu ilə bağlı son bəyanatı Ermənistanda və o cümlədən Rusiyadakı bəzi ermənipərəstlərdə ajiotaj yaratdı: "Amma eyni zamanda Ermənistan siyasilərinin və bəzi Rusiya vətəndaşlarının mütaliəyə tənbəl olduğunu aşkarladım. Ən azı 1918-ci ildə baş verən hadisələr barədə məlumat almağa cəhd etsəydilər İrəvanın Azərbaycana məxsusluğunu aydın şəkildə görərdilər. "Gülüstan və Türkmənçay" müqavilələrində İrəvan Qarabağ xanlığının Çar Rusiyasının tərkibinə keçməsi aydın şəkildə rəsmən təsdiqlənib. Sonradan Çar Rusiyasının apardığı siyahıya alınmalarda indiki Ermənistan Respublikasının ərazisində o zamanda yaşayanların böyük əksəriyyətinin azərbaycanlı olduğu göstərilib. Çar Rusiyası dağılanadək İrəvan azərbaycanlılara məxsus olub. O cümlədən bu fikirləri Zəngəzur və Göyçə mahalına da aid etmək olar. 1918-ci ildə ermənilər Çar Rusiyasının və Antantanın əlində alət idilər. Ermənilər tez-tez sahiblərini dəyişirdilər. Antanta həm Çar Rusiyasının, həm də Osmanlı imperiyasının parçalanmasında, hətta məhv olmasında maraqlı idi. Bu mürəkkəb prosesdə erməni məsələsi bizim region üçün ən aktiv müzakirə olunan məsələ idi. Osmanlı imperiyası ətrafında yaranmış tarixi şəraitə görə əzəli Azərbaycan torpağı olan İrəvan şəhərinin ermənilərə verilməsi aktuallaşdı. Ermənilər Şərqi Anadoluya, o cümlədən Azərbaycanın digər ərazilərinə iddiadan əl çəkməli idilər. Ermənilər şərtləri və hədiyyəni qəbul etdilər. 1918-ci il mayın 29 da Azərbaycan Cümhuriyyəti Yerevanın paytaxt kimi Ermənistana verilməsi barədə qərar qəbul etdi. Bu ümumi tarixi ekskursdur. İstənilən siyasətçi çalışsa bu barədə məlumat əldə edə bilər. Osmanlının Azərbaycan torpağını ermənilərə hədiyyə etməsi bizimlə Türkiyəyə aid olan məsələdir. Çünki Ermənistan sonradan şərtləri pozdu.

Zəngəzur məsələsi də təxminən belədir. Zəngəzuru Stalin ermənilərə hədiyyə etdi. Lenindən fərqli olaraq Stalin Atatürklə düşmənçilik siyasəti aparırdı. Türkiyə ilə Azərbaycanın əlaqəsini kəsmək üçün Stalin Zəngəzuru Ermənistana bağışladı və erməni-türk düşmənçiliyindən istifadə etməyə başladı. Meri Koçar da daxil olmaqla sanballı erməni tarixçilərinin hamısı bu ərazilərin, o cümlədən Göyçə mahalının Azərbaycana məxsusluğunu etiraf ediblər.

Serj Sərkisyan və onun ətrafı Osmanlı ilə birinci Ermənistan respublikası (Ararat respublikası) arxivlərindəki sənədi izah etmək əvəzinə Azərbaycana, onun prezidentinə böhtan atmaqla məşğuldurlar.

Azərbaycanlılar İrəvana qayıdacaq. Sırf tarixi prizmadan yanaşsaq bu çox mümkündür. Azərbaycanda əhali artır, Ermənistanda azalır. Azərbaycan güclənir, Ermənistan zəifləyir. Haçansa Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşcaq və bundan bir müddət sonra ata-babaları Ermənistan ərazisindən didərgin düşmüşlərin vərəsələri bu ərazilərə qayıdacaqlar. Vəssalam.

Həm də elə bu səbəbdən S.Sərkisyan Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşmasına imkan verməyəcək. Təəssüf ki, həmsədrlər məsələnin bu istiqamətinə diqqət vermədilər və bəyanatlarında tərəfləri qızışdırıcı fikirlər səsləndirməməyə dair çağırışları Ermənistanda belə fikir yaratdı ki, bu Azərbaycana doğru yönəlib. Göründüyü kimi bu ssenaridə müharibə yoxdur. Azərbaycan ordusu iştirak etmir. Əsas vurğu Azərbaycan dövlətinin güclənməsi, xalqın demoqrafik potensialının artmasındadır. Bu sahələrdə Azərbaycanın uğurlarını heç bir erməni inkar edə bilmir. Beləliklə, azərbaycanlılar İrəvana, Zəngəzura, Göyçəyə qayıdacaq. Amma bu tarixə adi məsələdir. S.Sərkisyan Ermənistanı Ağdama çevirmək əvəzinə, onu gücləndirməyin yolunu tapsın. Bunun üçün onun və ətrafının şüuru dağıdıcılığa deyil, quruculuğa yönəlməlidir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə