Mərkəz sədri: “Həmsədrlərin səfəri bir sıra parametrləri ilə fərqlənir” ŞƏRH

“ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycana ilk növbədə qaytarılacaq 5 rayona baş çəkdilər. Həmsədrlərin regiona son səfəri bir sıra parametrləri ilə fərqlənir”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, həmsədrlər regionda çox uzun müddətli oldular: “Amerikalı həmsədr fevralın 3-də artıq Bakıda idi. Yaydıqları bəyanatda onların regiondan fevralın 11-də çıxdığı bəlli olur.

-Həmsədrlər regiona prezidentlərin görüşünü təşkil etmək arzusu ilə gəlsələr də Azərbaycandakı növbədənkənar Prezident seçkilərinin elan edilməsi, onların bu arzularının reallaşmasını 3-4 ay yubatdı.

-Həmsədrlər Ağdam, Qubadlı, Zəngilan, Kəlbəcər və Laçına baş çəkdilər.

Həmsədrlərin bu səfərində ən əhəmiyyətli hadisə onların məhz bu 5 rayona baş çəkməsidir. Xarici İşlər Nazirlərinin Krakov görüşündən sonra həmsədrlər yaydığı bəyanatda işğal altındakı ərazilərdə monitorinqin aparılmasının vaxtının yetişdiyini vurğulamışdılar. Hər halda 3 gün ərzində həmsədrlərin bu 5 rayon ərazisində olmasını monitorinq adlandırmaq olar. Amma çox güman ki, bu daha genişmiqyaslı monitorinqin başlanğıcıdır.

Bu 5 rayona səfər etməklə ermənilər Dağlıq Qarabağ tənzimlənməsi kontekstində çox populyarlaşmış “5 rayon” anlayışına yeni məzmun verdilər. Həmsədrlərin fikrincə, Cəbrayıl və Füzuli rayonları istənilən anda Azərbaycana qayıda bilər. Azərbaycan hərbçilərinin kiçik miqyaslı, amma təpərli addımı təkcə Cəbrayıl və Füzulini deyil, hətta Zəngilanın böyük bir qismini Azərbaycana qaytaracaq.

Ona görə 5 rayon dedikdə artıq bura Kəlbəcər və Laçın da daxil edilir. Keçmiş Ağdərə ərazisində Azərbaycanın apardığı hərbi və eləcə də tikinti işləri Kəlbəcəri Azərbaycana daha da yaxınlaşdırıb. ATƏT MQ həmsədrləri bunu bilir.

Daha diqqətçəkən məsələ isə Azərbaycan ordusunun daim hazır vəziyyətdə olmasıdır. Ermənilərə havadarlıq edən bəzi dövlətlərin himayəsi Ermənistanı müəyyən təxribatlara şirnikləşdirə bilər. Bu halda Azərbaycanda prezident seçkiləri prosesi olmasına baxmayaraq ordumuz irəliləməyi bacaracaqdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə