Zahid Oruc: "Radikal müxalifətin xalqa heç bir bağlılığı yoxdur" MÖVQE

“Rusiyada kimsə seçkilərdə “Tramp effekti” gözləmir. Əlbəttə, heç Birləşmiş Ştatlarda da seçkilərin taleyini Kremlin casusları həll etmirdi. Sadəcə, Obamanın idarəçiliyindən bezən ağ amerikalılar özlərini kəskin diksriminasiyada hiss etməyə başladılar və üsyana qalxdılar”. SİA-nın verdiyi məlumata görə, bu barədə millət vəkili Zahir Oruc özünün “facebook” səhifəsində yazı paylaşıb.

Deputatın sözlərinə görə, onsuz da irqi ayrı-seçkilik problemi okeanın o tayında əbədi mövzudur: “Lakin hər halda Ağ Evin qara simasını bundan artıq həzm etmək mümkün olmadı və xalq inqilabı milyarderi hakimiyyətə gətirdi. Siyasətdən kənar bir adam nüvə silahına çevrilib silikon vadisində uzun on ilər boyu qərarlaşmış sistemi lərzəyə gətirdi. Uolstritin zənginlərinin Oval kabinetdən əlləri çıxmasın deyə, artıq ikinci ildir ki, demokratlar, respublikaçılar, həmkarlar və yüzlərlə əmək təşkilatları yeni dövlət başçısının mühasirəsini davam etdirirlər.

Qayıdaq Rusiya seçkilərinin “ildırımötürən”i funksiyasını öz üzərinə götürən “qırmızı direktor” Pavel Qrudininə. Adam yaşının 6-cı on illiyini bütün çarların, katiblərin və prezidentlərin hökmdarlıq etdiyi Moskvanın bir addımlığında keçirib. Özü də bolşeviklər partiyası iflasa uğrayanda Lenin adına kolxozu nəinki, ideoloji, eləcə də iqtisadi-təsərrüfat qalası kimi qoruyub saxlayıb və kapitalizm dünyasında əsil icma cənnəti formalaşdırıb. Bu yerdə Batkanın uğurlu kolxoz modelini necə ustalıqla bir dövlətə tətbiq etdiyini vurğulamaq yerinə düşər. Hər halda qədim slavyan ruhunun bütün çar və knyazları torpaq şumunda becərdiyni unutmaq olmaz.

Ancaq xoşbəxt kəndliləri vahid bir çətir altında birləşdirməyə nail olan səhmdar cəmiyyətin diribaş sədri bütün reyder hücumlarına sinə gərərək, qətiyyən proletariatın kasıb və nimdaş simasına bənzəmədiyini dəfələrlə sübuta yetirə bilib. Kişi xarakteri və öz qalasını qoruyan sərkərdə obrazı üçün bunlar çox önəmlidir. 1995-ci ildə bütün İttifaq miqyasında sovet əmlakı yağmalananda istedadlı bir aqrar mühəndisi torpaq üzərində özünün nəhəng piramidasını qurub.

Yüzlərlə adama ev verəsən, müalicəsini öz üzərinə götürəsən, pulsuz uşaq bağçası və məktəblər yaradasan, beləsinin siyasətə atılan zaman “uğur hekəyasi”ni ən zəif siyasi texnoloqlar da qurmaqda çətinlik çəkməzlər.

Kommunistlərin solğun və öləziyən baxışlarla ənənəvi namizədləri üzərindən növbəti seçkilərə qatılmaq qərarı verilərkən “çiyələk kolları” arasında doğulan parlaq bir sima Rusiya ictimai-siyasi məkanında əsil canlanma yaratdı. Hamı görür ki, aydın, səlis və dəqiq hədəfləri olan bir şəxs bütün partiyalar və ənənəvi politoloqlar fabrikindən kənarda meydana çıxıb və ölkənin gələcək perspektivinə dəqiq mesajları ilə təkcə sadə vətəndaşların deyil, eləcə də dövlət elitasının rəğbətini qazanır.

Kreml texnoloqlarının bütün resursları Qrudinin əleyhinə işləməsə də rəsmi kanallarda qaralama kampaniyasına artıq start verilib. Kiselyovun Rossiya-1 artilleriyası Lenin kolxozuna gələn sovet müffəttişləri kimi hər şeyi didik-didik edir. Başadüşülən haldır. Məgər Qərb seçkiləri belə deyil?

Beynəlxalq Valyuta Fondunun keçmiş sədri Stros Kanı bir dağlı qızı ilə ləkələyib Sarkozinin prezidentliyə gedən yolunu açmadılarmı? Yaxud, elə son seçkilərdə Yeliseyin sirli dəhlizlərində Fransua Fiyonu 2 ayın içərisində siyasi linçə məruz qoyub rotşildlərin Makronunu meydana çıxarmadılarmı? Əsil camaşır landromatları Qərbin baş binalarında qurulub və onu işlədən adamlar da dünyaya təmzilik,məsumluq dərsi keçirlər. Qrudinin ənənəvi sol baxışlı Rusiya cəmiyyətində kəskin siyasi kurs dəyişikliyinə səbəb olası deyil. Lakin partiya bolluğundan əziyyət çəkən bir ölkədə fərqli nümunələr sözsüz ki, xalqı hakimiyyət həyatına qaytarmaq baxımından çox effektlidir.

Bəs siz, Azərbaycan səmasına daxil olan belə siyasətçi nümunəsi tanıyırsızmı? Məsələn, son 25 ildə Qrudinin torpaq şumlayanda Əli, İsa və digər isimlərlə qərarlaşmış antihakimiyyət kazarması minlərlə bəyanatı çap dəzgahlarının ağzından qapıb tirajlayırdılar. Axı faydalı iş əmsalı müasir demokratiyanın ölçü vahidi deyil,ona görə..

Qrudinin gedib traktor sükanına əyləşəndə,bizim müxalif qüvvələr qərbetiketli arabalarına oturub səfirliklərin dəhlizlərində ucuz kreditlər, bahalı öhdəliklərə can atırdılar. Nədənsə, təhtəlşüurlarındakı hakimiyyəti kənardan gözləmək mərəzi onları heç vaxt tərk eləmir. Qrudinin çiyələk yeşiklərini komplektləşdirəndə bizim barrikadaçılar və siyasi romantiklər bütün kəndi məhv etdyinə görə hakimiyyəti qınamaqda davam edirdilər.

Nəhayət, real bir qüvvə kimi xalqın içərisindən, zəhmətdən və halal əməkdən yoğrulub Rusiya taxt-tacına iddiasını orataya qoyanda, hamı “müqəddəs Pavel”i qarşısında görüb onu xalqın adamı sayanda bizim müxalif camiyəmiz növbəti pambıq beşilliklərini lənətləmək üçün ümummili seçki kampaniyasından da özünü kənar saxladığını elan edir.

İndi sizcə, bir dəfə də olsun gedib ağac əkməyən, suvarma ilə məşğul olmayan, ayağı parketlərə öyrəşmiş taliban təfəkkürlü bir qüvvə ilə siz Qrudinini bir tutardınızmı?

Torpaqdan kənarda formalaşan müxalifətin xalqa heç bir bağlılığı yoxdur!

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə