Siyasi mübarizəni təhqirlə əvəzləyənlər cəzalanacaqlar

Erməni lobbisinin nökərləri bu amili qulaqlarında sırğa etməlidirlər

Son vaxtlar Avropanın bir sıra ölkələrində, xüsusilə Hollandiya, Almaniya, Fransa kimi dövlətlərdə yaşayan və özlərini “dissident”, “siyasi mühacir” kimi qələmə verən Vətən xainləri Azərbaycanın dövlət xadimlərinə, ölkəmizin ictimai-siyasi həyatında mühüm rol alan şəxslərə qarşı açıq-aşkar təhqir kampaniyasına keçiblər. İstər flaşmob, istər digər formalarda öz səviyyəsizliklərini nümayiş etdirən, eyni zamanda mental dəyərlərimizi belə ayaqlar altına alan bu ünsürlər bir daha sübut etdilər ki, onların məqsədləri heç də sivil müxalifətçilik yolu ilə siyasi mübarizə aparmaq deyil, əksinə, ani-Azərbaycan dairələrinə, həmin dairələri maliyyələşdirən erməni lobbisinə nökərçilik etməkdən ibarətdir.

Lakin bu birinci hal da sayıla bilməz. Ümumiyyətlə, Azərbaycan istənilən mühüm ictimai-siyasi proseslər ərəfəsində olarkən, dünyanın diqqəti ölkəmizə yönəlməyə başlarkən Orduxan Teymurxan, Məhəmməd Mirzəli və s. adlı milli satqınlar dərhal erməni dayılarından tapşırıqlar alıb, onu hər vəchlə icra etməyə çalışırlar. Erməni siyasi maşınının təsiri altında olan bu ünsürlər avropalı ağaları ilə birgə bilavasitə öz simasızlıqlarını sərgiləyirlər.

Hüquq müdafiəçisi: “Təhqirə yol vermək onu səsləndirənlərin, nümayiş etdirənlərin həm özünü, həm də bütövlükdə Azərbaycan xalqını həmin ölkələrdə hörmətdən salır”

Hətta iş o yerə çatıb ki, müxalif baxışlı hüquq müdafiəçiləri də bu kimi addımları pisləyir və yolverilməz olduqlarını deyirlər. Misal üçün, Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı mətbuata açıqlamasında deyib ki, istər onun özü, istərsə də digər həmkarları bu vəziyyətdən narahatlıq keçirirlər. “Son zamanlar bizi narahat edən problem budur ki, etirazı normal şəkildə ifadə etmək əvəzinə təhqirə keçiblər”-deyə qeyd edən M.Qəhrəmanlı onu da bildirib ki, təhqir heç vaxt siyasi mübarizə üsulu olaraq seçilə bilməz: “Təhqirə haqq qazandırmaq olmaz. Etirazı dinc və qanun müstəvisində etmək hamının borcudur. Etiraz aksiyası adı altında kimsə kimsəni təhqir etməməlidir. Mən xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarını bu məsələləri nəzərə almağa dəvət edirəm. Təhqirə yol vermək onu səsləndirənlərin, nümayiş etdirənlərin həm özünü, həm də bütövlükdə Azərbaycan xalqını həmin ölkələrdə hörmətdən salır”.

Nalayiq insanların Avropada erməni pulları hesabına “at oynatmaları” əlbət ki, qanun müstəvisində qiymətləndiriləcək!

Əslində, xatırlatmaq yerinə düşərdi ki, özünü “siyasi mübariz” kimi qələmə verən Orduxan Teymurxan (Bəbirov) və digərləri öz ailələrindən və yaxınlarından imtina etməklə, heç bir mənəviyyata sığmayan fərd olduqlarını isbatlamış olublar. Əbəs deyil ki, O.Teymurxanın qohumları ötən ildən hazırkı günədək, artıq ikinci dəfə ondan imtina etdiklərini, ailələrində qəbul etmədiklərini bəyan ediblər. Məhz bu faktın özü yetərincə qənaətə gəlməyə zəmin yaradır ki, bir fərddən bütün əsli-nəsli imtina edirsə, demək həmin fərd nalayiq insan olaraq qiymətləndirilir. Nalayiq insanların isə bu gün Avropada erməni pulları hesabına “at oynatmaları” əlbət ki, qanun müstəvisində qiymətləndiriləcək. Çünki bu gün Avropa ölkələrinin özündə belə, həmin qanunsuzluqlara, təhqir kampaniyalarına qarşı ciddi və qanunamüvafiq ölçülər götürülür. Bu baxımdan, belələrinin qısa zamanda məhkəmələr qarşısına çıxaraq, etdikləri qeyri-insani davranışlarına görə cavab verəcəklər gün elə də uzaqda deyil.

Qanunvericilik də deyilənləri sübuta yetirir

Yeri gəlmişkən, hələ 2016-cı ilin noyabrında Azərbaycanda internet informasiya məkanında dövlət başçısının - Prezidentin şərəf və lәyaqәtini ləkələmə və ya alçaltma cəhdinin cinayət məsuliyyəti yaratması layihəsi müzakirəyə çıxarılaraq qəbul edilmişdi. Daha dəqiq desək, baş prokuror Zakir Qaralovun Cinayət Məcəlləsinin 323.1-ci (Azərbaycan dövlətinin başçısının-Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə əlavələrin edilməsi ilə bağlı təklifi Milli Məclisin keçirilən iclasında müzakirə olunmuşdu.

Qəbul olunmuş layihəyə əsasən, bu maddədə “və ya kütləvi informasiya vasitəsində” sözləri “kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilir. Buna görə qüvvədə olan sanksiya 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmədir.

Qanuna 323.1-1 maddəsinin əlavə olunması da təklif edilir. Maddədə deyilir: “323.1-ci maddədə nəzərdə tutulmuş əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə, 1000 manatdan 1500 manata qədər cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Beləliklə, bu gün ölkəmizdə müxtəlif saxta sosial şəbəkə profillər vasitəsi ilə söyüş və təhqir kampaniyaları aparan, Azərbaycanın atributikasına qarşı çirkin oyunlar oynayanlar sözügedən qanunvericilik layihəsini qulaqlarına sırğa etməlidirlər. Nə qədər ki, gec deyil, bunu anlamalı və dərk etməlidirlər. Nə qədər ki, gec deyil...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə