Serjikin baş nazir olmaq arzusu baş tutacaqmı? ANALİTİK

Ermənistan parlamentində fəaliyyət göstərən “Yelk” blokunun fraksiya rəhbəri, müxalifətçi deputat Nikol Paşinyan bugünlərdə parlament iclasında bəyan edib ki, əgər Serj Sarkisyan öz vədinə sadiq qalaraq, baş nazir postuna namizədliyini irəli sürərsə, bu, Ermənistanda daxili siyasi vəziyyəti kəskin şəkildə gərginləşdirəcək. SİA xəbər verir ki, bu barədə Ermənistanın 1in.am saytının analitik yazarı Məryəm Qriqoryan yazır. Erməni analitiki Paşinyanın digər ilginc bəyanatını da xatırladaraq yazır ki, müxalifətçi deputat parlament brifinqində Serj Sarkisyanın gələcəyinin məhz Ermənistan vətəndaşlarının əlində olduğunu deyib.

Politoloq Armen Bədəlyan: “Bütün bunlar nəticəsiz qalacaq”

M.Qriqoryan siyasət və seçki texnologiyaları üzrə ekspert Armen Bədəlyanın da fikirlərini önə sürərək yazır ki, əgər Serj Sarkisyan baş nazir olmaq üçün qarşısına məqsəd qoyubsa, nə erməni ictimaiyyəti nə də müxalifət onun bu planının qarşısını ala bilməyəcək. “Minə yaxın insan etiraz nümayişlərinə çıxa, mitinqlər keçirə və yürüşlər edə bilər, lakin bütün bunlar nəticəsiz qalacaq. Bu, mövcud prezidentin baş nazir olması faktına təsir göstərməyəcək”-deyə M.Qriqoryan A.Bədəlyanın ifadələrini xatırladıb.

Erməni analitik yazarı Bədəlyanın fikirlərinə istinad edərək yazır ki, ekspertə görə, müxalifət qüvvələri konstitusiya islahatları ilə bağlı müzakirələr gedərkən bu barədə düşünməliydilər. “Həmin vaxt fikirləşmək lazım idi. Bir çoxları, eləcə də mən, qeyd edirdik ki, konstitusiyanın dəyişdirilməsinin məqsədi birdir – mövcud prezident hakimiyyətdə qalsın. Fəaliyyətdə olan konstitusiya prezidentin üçüncü dəfə namizədliyini irəli sürməsinə imkan vermirdi”-deyə Bədəlyan analitiklə söhbətində bildirib. Siyasət və seçki texnologiyaları üzrə ekspert həmçinin deyib ki, guya bu, parlament sistemidir, ancaq de-fakto super baş nazir sistemidir: “Ermənistanda seçki institutu mövcud deyil, maliyyə resursları hesabına faizlər keçir və bu da hazırkı siyasi güc olaraq Ermənistan Respublikaçı Partiyasına dəfələrlə baş nazir seçdirmək imkanını verir. Bax, beləcə 20 il ard-arda ola bilər”.

Bədəlyan onu da bildirib ki, digər siyasi güclər bu məsələdə nə isə etməkdə gücsüzdürlər. “İctimaiyyət hakimiyyətin formalaşmasında çoxdan iştirak imkanlarını itirib”-deyə erməni eksperti qeyd edib.

Sosioloq Karen Sarqsyan: “Bəlkə də çoxlarının xoşuna gəlməyəcək, ancaq iddia edə bilərəm ki...”

Digər erməni eksperti, sosioloq Karen Sarqsyan isə hesab edir ki, dəyişikliklər ola bilər, ancaq hakimiyyətin daxili sistemi üzrə. Sosioloq erməni müxalifətinin yalnız “Sarukyan” blokunda və iki koalisiya siyasi güclərində olduğu qənaətindədir. Onun sözlərinə görə, yalnız onlarda lider mövcuddur, digər müxalifətçi siyasi qurumlarda lider anlayışı ümumiyyətlə yoxdur. Buna baxmayaraq, K.Sarqsyan hesab edib ki, bu müxalifət də heç nə edə bilməyəcək: “Bəlkə də çoxlarının xoşuna gəlməyəcək, ancaq iddia edə bilərəm ki, əgər Serj Sarkisyan baş nazir seçilərsə, mən heç də təəccüblənməyəcəyəm”.

K.Sarqsyan “Yelk” blokunun lideri Paşinyanın iddialarına da münasibətini bildirərək deyib ki, əgər adıçəkilən blok bundan sonra da eyni tərzdə bəyanatlarla çıxış edəcəksə, hakimiyyətin səbr kasası dolacaq və blok bu günə qədər əldə etdiyi az-çox reytinqini itirməli olacaq. “Mənə elə gəlir ki, “Yelk” bloku daha ciddi məsələlərlə məşğul olmalıdır”-erməni sosioloq bildirib.

Siyasi publisist Anuş Sedrakyan Ermənistandakı prosesləri “təhlükəli tendensiya” adlanndırıb

Lakin nəzərə alarsaq ki, erməni ictimaiyyəti yoxsulluğun ən son həddində çabalayır, insanlar kütləvi şəkildə ölkə hüdudlarını tərk edir, o cümlədən, bu ölkənin ordusunda xidmət etmək istəməyən minlərlə gənc mövcuddur, bu zaman parlament seçkiləri ərəfəsində vəziyyətin nəzarətdən çıxaraq küləvi itaətsizliyə çevriləcəyini də istisna etmək olmaz. Məsələn, politoloq və siyasi publisist Anuş Sedrakyan adıçəkilən erməni media qurumuna müsahibəsində deyib ki, “Serj Sarkisyan heç də özgüvən hissiyyatlarına qapılmamalı, əskinə, kifayət qədər ehtiyatlı olmalıdır”.

Politoloq baş verən prosesləri “təhlükəli tendensiya” adlandırıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...