Müxalifətin köhnə havası - "Uzundərə"

Hər sahədə güclü rəqabətin olması vacibdi. Çünki rəqabət olan yerdə sağlam iş mühiti də qurulur. Təbii ki, iş olan yerdə səhvlər və problemlər də ola bilər. Amma... amması ondadır ki, Azərbaycanda fəaliyyət göstərən adı olub, özü olmayan müxalifəti uzun illərdir bar-bar bağırır ki, hakimiyyətə gəlsələr, bunlardan yaxşı işləyən olmayacaq. Guya bunlar fərqli siyasət aparacaqlar, ermənilərə verdikləri Qarabağı geri alacaqlar, daxili və xarici siyasəti bir ayrı formada quracaqlar. Dağılasan, a dünya. Hərgah bu onilliklər ərzində hər hansı bir mərifətli işlərini görmüş olsaydıq, deyərdik ki, bəli, bizdə də sağlam müxalifət var və sağlam rəqabət aparmaq gücündədirlər. Lakin bizdə belə bir müxalifət olmayıb və olmayacaq da.

Orta məktəbin son illəriydi. Hadisələr hələ yeni-yeni başlamışdı. İnsanlar meydana yığılıb, mitinqlər edirdilər. Yadımdadır ki, bu adı olub, özü olmayan indiki müxalifət o zamanlar necə meydanlarda qışqır-bağır salırdılarsa, elə indi də həmin təfəkkürdə qalıblar. Yəni hələ də, meydan təfəkkürü və düşüncəsi, qanlarından və canlarından çıxmayıb. Seçkidən-seçkiyə üzə çıxıb, sonra yoxa çıxanlar niyə heç özlərinə baxmırlar ki, artıq 30 ilə yaxındı ki, sədrlik kreslosundan bərk-bərk yapışıb, onu başqasına vermək fikirində deyillər? Onların ancaq bir fikri var, o da hakimiyyətə gəlmək. Əlacları olsa, bir-birlərinə fiziki güc tətbiq etməklə vurub sıradan çıxararlar. Təki ixtiyari bir finişə çatmış olsunlar. Amma əllərindən heç nə gəlmədiyini görüb, xalqın dəstəyindən məhrum olandan sonra üz tutdular xaricə. Başladılar xarici qüvvələrlə danışığa getməyə və xaricdən qrantlar almağa. Qrantları almaqdan ötrü dondan-dona, sifətdən-sifətə girdilər. Bu pulları "əritmək üçün" aradabir ətraflarına yığdıqları tanış-bilişləri ilə mini-aksiyalar keçirməyə başladılar ki, xaricin gözündən pərdə assınlar. Təsəvvür edin ki, müxalifət öz içində bir-biri ilə yola gedə bilmir. Elə bir seçki yada gəlmir ki, bu partiya funksionerləri bir yerə toplaşıb, aralarından "vahid namizəd" seçə bilsinlər. Nə vaxt da hər hansı biri seçkiyə gediblərsə, səs toplaya bilməyib, biabır olublar. Uğursuzluğa düçar olmalarının səbəbi də, xalqa, dövlətə zidd siyasət aparmaları və qəpik-quruş əldə etmək xatirinə xarici maraqlı dairələrlə iş birliyinə getmələridir. Təsadüfən hakimiyyətdə olduqları dövrdə tariximizin qara səhifəsi kimi yaddaşlara həkk olub. Hakimiyyətdə olduqları bir il ərzində büdcəni hansı vəziyyətə qoyduqları, yeraltı-yerüstü sərvətlərimizi necə talan etdikləri, ölkədə xaos və anarxiya yaratdıqları hər kəsə məlumdur "xalqın gözü tərəzidir" deyiblər. İnsanlar ağı-qaradan seçməyi bacarır. Bu baxımdan, bacardığınız işin arxasınca gedin, bəylər.

Afət TAHİRQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...