“Sərkisyan prezident seçilmədən inauqurasiyaya hazırlaşır” TƏHLİL

“Ermənistanda seçki proseslərinin özünəməxsus gedişatı var. Hər cür qanun pozuntuları baş verir. Amma yekunda Qərb bunu demokratik seçki kimi dəyərləndirir”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, dəfələrlə baş vermiş bu hadisə hal-hazırda yenidən təkrarlanır: “Ermənistanın indiki prezidenti Serj Sərkisyan Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sərkisyanı prezident təyin etmək istəyir. Bunun üçün onu yanına çağırdı və fikrini açıqladı. A.Sərkisyan müxtəlif görüşlər keçirdikdən sonra cavab verəcəyini bildirdi.

Serj Sərkisyanın A.Sərkisyanın prezident təyin etməkdə məqsədi anti-Rusiya istiqamətində növbəti addımını nümayiş etdirməyə hazır olduğunu göstərməkdir. Bu ayrı mövzudur. Amma A.Sərkisyanın davranışı isə qəribə məsələlər üzə çıxarıb. Prezident S.Sərkisyanla görüşdən sonra Armen Sərkisyan bir müddət gözə görünmədi. Sonra Britaniyada olduğu bəlləndi. Az keçmiş Ermənistana qayıtdı, elm adamları ilə görüşlər keçirdi. Moskvada ermənilərin çoxsaylı və onların mövqeyinin daha həssas olmasına baxmayaraq A.Sərkisyan cəmi bir neçə saata Moskvada oldu. Oradan Maltaya səfər etdi. Maltada erməni icmasının mövcudluğu və bu icmanın dünya erməniliyindəki rolu barədə heç kəsin məlumatı yoxdur. A.Sərkisyan Britaniyada şahzadə Çarlzla görüşüb, onu özünün inauqurasiya mərasiminə dəvət etdi.

Başqa sözlə, A.Sərkisyan üçün prezident seçilməsi baş tutmuş faktdır. Uzun müddət Britaniyada demokratik mühitdə yaşamış erməninin demokratiyaya münasibəti belədir.

Əslində, Ermənistanda demokratiyanın olmamasının günahı Ermənistana “demokratiya kağızı” vermiş Qərbdədir. Məhz bununla da Qərb bütövlükdə Cənubi Qafqaz regionunda demokratiyanın bu günü və gələcəyinə böyük zərbələr vurur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə