Arif Hacılı İsa Qəmbərin yolunu necə kəsdi?

Sabiq başqanla mövcud başqan arasında münasibətlərə son qoyulur

Bəlli olduğu kimi, Müsavat partiyasının məclisinin 11 apreldə keçiriləcək prezident seçkilərində partiyanın üzvü, sabiq başqan İsa Qəmbərin iştirakının qarşısını alan qərar verib. Belə ki, bir müddət öncə İ.Qəmbərin sədri olduğu MSDM-də seçkilərdə iştirakla bağlı qərar qəbul olunmuşdu. Hətta eks-başqan bu yaxınlara qədər iştirakı ilə bağlı açıqlamalarla çıxış edib və qərarlı olduğu görünüb.

Arif Hacılı İsa Qəmbərin qarşısına sədd qoymaq üçün Əli Kərimli ilə separat danışıqlara gedib?

Ancaq bütün bunlardan sonra onun qarşısının kəsilməsi növbəti məqamlara aparıb çıxarır. Məsələ ondadır ki, mövcud başqan Arif Haıclı partiyaya rəhbərliyə başladığı andan etibarən, AXCP sədri Əli Kərimli ilə münasibətlərini tənzimləyə çalışıb, hətta cəbhəçi sədrin ayağına qədər belə gedib. Lakin qarşı tərəf onun təşəbbüslərini rədd edərək, əsas məsələni Müsavatın “Milli Şura”dan çıxmasına yönəldib. A.Hacılının isə Ə.Kərimli ilə münasibətlərini tənzimləmək cəhdləri İ.Qəmbərn maraqlarına cavab verməyib. Bu baxımdan, sabiqlə hazırkı başqan arasında münasibətlərdə müəyyən soyuqluqlar yaranıb. İ.Qəmbər seçkilərə qatılacağını bəyan etdikdən sonra isə A.Hacılı onun qarşısına sədd qoymaq üçün Ə.Kərimli ilə separat danışıqlara gedib. Daha doğrusu, Müsavatın seçkilərə namizəd irəli sürməməsi qarşılığında AXCP-nin bu partiya ilə münasibətlərinə yenidən baxacağı öhdəçiliyi götürülüb.

Müsavat daxilindəki etibarlı mənbə qeyd edib ki, A.Hacılı hətta bu münasibətlərin bərpasına görə İ.Qəmbərdən belə, imtina etməyə hazır olduğunu gizlətməyib. Ona görə də Müsavatın məclisində səs çoxluğu kimi seçkilərdən imtina qərarı verilib. Halbuki, Müsavatın divanı da seçkilərdə iştirak üçün İ.Qəmbərə yaşıl işıq da yandırmışdı.

Beləliklə, bütün bunlar onu göstərir ki, Müsavat rəhbərliyi əslində İsa Qəmbərin seçkilərə qatılmasında maraqlı olmayıb. Partiya rəhbərliyi arasında da bu məsələdə müəyyən fikir ayrılıqlarının olduğu məclisin qərarından sonra özünü büruzə verib. Bu fakt isə seçki prosesində Müsavatın daha dərindən parçalanmasına zəmin yaradan amil olaraq qiymətləndirilə bilər.

R.RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə