Ramin Məmmədov: “2018-ci ildə ciddi addımlar atmağı planlaşdırırıq” AÇIQLAMA

“2017-ci il ərzində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) Azərbaycanın xarici siyasət strategiyasına və təbii ki, diaspor fəaliyyəti sahəsində qəbul olunmuş normativ hüquqi aktlara uyğun olaraq müəyyən tədbirlər planı qəbul olunub və həyata keçirilib”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Ramin Məmmədov deyib.

“Bildiyiniz kimi Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımız – istər Azərbaycan vətəndaşları, istərsə də müxtəlif ölkələrin vətəndaşları olmasından asılı olmayaraq ölkəmizdə gedən istənilən proseslərə diaspor tərəfindən kifayət qədər böyük maraq göstərilir. Bunun bir neçə səbəbi var. İlk növbədə ondan ibarətdir ki, son illər Azərbaycanda gedən inkişaf prosesləri, müsbət hadisələr təbii ki, hər bir vətəndaşımızı, soydaşlarımızı sevindirməyə bilməz. Onlar Azərbaycanın sevinci ilə sevinir, kədəri ilə kədərlənirlər. Təbii ki, DİDK da bu yanaşma ilə diaspor təşkilatlarını Azərbaycan, ölkəmizin maraqlarının beynəlxalq müstəvidə qorunmasına dair fəaliyyəti ətrafında birləşdirməyə çalışmışdır.

Qiymətə gəldikdə isə onu deyə bilərəm ki, təbii ki, insan hər zaman daha çox fəaliyyət göstərmək, daha böyük zirvələri fəth etmək istəyər. Ancaq bizim fəaliyyətimizi qiymətləndirməyə qalxsaq, təbii ki, uğurlarımız az deyil. Azərbaycan diaspor təşkilatları bu illər ərzində daha mütəşəkkil şəkildə fəaliyyət göstərməyə səy göstəriblər və buna müvafiq olublar. 2017-ci il ərzində Azərbaycan diaspor təşkilatları sadəcə olaraq Bakı ilə koordinasiya xarakterli fəaliyyətdən savayı, eyni zamanda regional mərkəzlərin formalaşması istiqamətində ciddi addımlar atıblar. 2018-ci ildə biz bir neçə regional mərkəzin yaranması istiqamətində ciddi addımlar atmağı planlaşdırırıq”, - deyə, sədr müavini fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə