QHT rəsmisi: "İlham Əliyevi birmənalı surətdə dəstəkləyirik" ŞƏRH

“Ümumiyyətlə seçkilər ölkənin ictimai-siyasi həyatının vacib elementlərindən biridir. Seçki hər bir demokratik ölkənin siyasi mənzərəsini müəyyənləşdirən ən vacib hadisədir. Bu baxımdan bütün siyasi institutlar normalda 11 aprel 2018-ci ildə ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlaşmalıdır”. Bunu SİA-ya açıqlamasında “Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud deyib.

Onun sözlərinə görə, Qərbdə analoji təcrübə bundan ibarətdir ki, bir seçki prosesi bitən kimi siyasi təşkilatların növbəti seçkiyə hazırlıq prosesi başlayır: “Yəni seçkilərə hazırlaşmaq Seçki Məcəlləsinin müəyyən olunmuş təqvimi ilə deyil, siyasi partiyaların davamlı olaraq bu proseslə bağlı fəaliyyət göstərməsini tələb edir. Bu baxımdan 11 aprel 2018-ci ildə növbədənkənar prezident seçkilərinin təyin olunması ilə bağlı cənab Prezident İlham Əliyevin sərəncamı da şəxsən mənim üçün gözlənilməz olmadı. Düşünürəm ki, Azərbaycan milli maraqları baxımından, mövcud ictimai-siyasi sabitliyin və bütövlükdə indiyədək əldə olunmuş uğurların qorunub saxlanılması və qarşıdakı daha böyük hədəflərə çatılması baxımından cənab Prezident ölkəmiz, milli mənafeyimiz üçün zəruri olan addımı atıdı. Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya 2003-cü ildən cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilir. Aparılan bu uğurlu siyasətin nəticəsində bu gün ölkənin ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyatının bütün sahələrində biz dinamik inkişafı müşahidə etməkdəyik.

Bu gün Azərbaycan dünyada multikulturalizm modelini uğurla təbliğ edən çoxkonfenssialı, çoxmillətli ölkə kimi tanınır. Aparılan siyasi kurs bizə söyləməyə bunu əsas verir ki, bundan sonra da ölkəmizdə bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayacaqlar. Bu gün Azərbaycan dünyada öz enerji təhlükəsizliyini tamamilə təmin edən, eyni zamanda regionun -Avropa qitəsinin də dövlətlərinin bu sahədə qlobal layihələrin reallaşdırılması üçün başlıca enerji təminatçısına çevrilən bir ölkədir. Azərbaycan beynəlxalq iqtisadi münasibətlər sisteminə bu gün həm özünün enerji ehtiyyatları ilə, həm də neft kapitalını, qara qızılı insan kapitalına çevirməsi üçün davamlı şəkildə konseptual əsaslı islahatlar aparan dövlət kimi tanınır.

Bu yaxınlarda Yeni Azərbaycan Partiyası növbəti qurultayını keçirdi və cənab prezident İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü. Ötən gün isə prezident seçkilərində gənclərin və idmançıların namizədinin dəstəklənməsinə həsr olunmuş respublika toplantısında ölkənin bütün rayonlarından olan 3000 mindən artıq gənc bir araya gəlmişdi. Orada vurğulanan birmənalı fikir bundan ibarət oldu ki, gənclər Azərbaycandakı mövcud ictimai-siyasi sabitliyin qorunub saxlanılması, bütün sahələr üçün yaradılan münbit şəraitin qorunması, o cümlədən Azərbaycan gəncliyinin hərtərəfli inkişafı, rifah halının yüksəlməsi üçün cənab Prezident İlham Əliyevi birmənalı surətdə dəstəkləyir. Əminəm ki, 11 apreldə ölkə gənclərinin əksəriyyəti onun inkişafı üçün bütün zəruri işləri görən şəxsə, cənab Prezident İlham Əliyevə səs verəcək onu növbəti 7 ildə də dövlətimizin başçısı seçəcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...