Gərək "boykot"a qol qoymayaydın, "bəy"! KÖŞƏ

Kərbəlayi demiş, heç oğlu Yadullanın müsibəti də belə olmamışdı. ABŞ-dan gələn qonağın belə edəcəyini Əli Kərimli heç ağlına da gətirməzdi. Nəinki ağlına, yatanda yuxusuna da girməzdi. Gecə-gündüz sosial şəbəkələrdə kompyuter başında oturub, ağlına və ağzına gələni danışır. "Boykot" deyib, bar-bar bağırır. Guya ətrafında olan "tərəfdaşları"nı da boykot qərarına səsləyir. Buna deyən gərəkdi ki, ay Əli, yaxşı lider ötən prezident seçkisindən bu yana olan müddət ərzində lazımi işlərini görərdi. Özünü xalqa tanıdardı, necə ki, elə sən özünü "tanıtmısan". Oturub-durub seçki deyirdin, aha, bu da seçki. Bəs niyə geri çəkilirsən?

Bir yandan da Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin hüquqi statusa malik olması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etməsi, indi də prezident seçkilərində iştirak etmək istəməsi və bu gedişlə də Ə.Kərimlinin arxa plana düşməsi onu lap özündən çıxardı, necə deyərlər, lap ona od qoydu. Əlində olan qalan bir möhürü vardı, indi də deyirlər ki, cavan olmusan, qanmamısan, eybi yox, "ştampeli"ni də qoy, keç bu tərəfə. Dözdü, buna da dinmədi. Sərdar Cəlaloğlu və digərləri də seçkini dəstəklədi, buna da dözdü. Amma di gəl ki, ABŞ-ın dövlət katibinin müşavirinin köməkçisi heç kimlə yox, gedib yalnız Müsavatın keçmiş başqanı ilə görüşməsi, Ə.Kərimliyə lap dağ çəkdi. AXCP və Müsavat partiyaları arasında uzun illərə dayanan pərdəarxası davalar gedir və bunun da əhatə dairəsi get-gedə genişlənir. Hətta bəzi müxalifətçilər fikirləşirlər ki, Müsavat partiyası AXCP-ni və onun tərəfdarlarını ləkələmək, onların arasında şübhə toxumu səpməklə məşğuldur. Bu son hadisə də közərməkdə olan közü daha da alovlandırmağa vasitəçi oldu. Qonağın gözlənilmədən atdığı bu addımından belə çıxır ki, Ə.Kərimli artıq xarici qüvvələrin gözündə heçə dönüb. Belə də baxanda, amerikalının və ya başqa xaricinin nə vecinədi ki, seçkiyə gedən ya kərimlilərdi, ya da qəmbərlər?! Əsas odu ki, onların planlaşdırdıqları həyata keçsin.

İndi, imanımızı yandıra bilmərik ki, İ.Qəmbərlə "importnu" qonağın arasında nə söhbətlər gedib, amma orası məlumdu ki, bu həna, heç də yaxşı hənaya oxşamır. Həna demiş, Ə.Kərimli bu dəqiqə lap elə Məşədi İbadın günündədi. Xaricilərə necə belə bağlanmışdısa, olan-qalanı da əlindən gedib. Axı ona deyən gərəkdi ki, "qonşuya ümid olan, şamsız qalar". Sən niyə yerində rahat oturmurdun ki, axırda da "ofsaytda" qaldın? Deyilənə görə, AXCP-nin qarşısından keçəndə, Kərimlinin yanıqlı-yanıqlı naləsi eşidilirmiş:

İşlərimin hamısı zülüm getdi,

At axtarırdım, çulum getdi.

Xarici havadarlara bel bağladım,

Paçkalarla gələcək pulum getdi.

Bax belə...

Afət TAHİRQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə