ABŞ Rusiyadan ehtiyat edir. Pentaqon ABŞ-ın yeni Milli Müdafiə Strategiyasının bir hissəsini dərc edərək, Çin, İran və Şimali Koreya ilə yanaşı, Rusiyanı da ABŞ-ı təhdid edən ölkələr sırasında göstərib.

Sənədin müəllifləri belə təhdid qarşılığında qeyd olunan ölkələrlə “strateji rəqabət” aparmaq üçün əlavə investisiyaların ayrılmasını tələb edirlər.

Qeyd edək ki, bu, ABŞ-ın 2008-ci ildən sonra dərc olunmuş ilk milli təhlükəsizlik strategiyasıdır və bu ölkənin “hərbi üstünlüyünün bərpasına” yönəlib. Sənəd dekabrın 18-də prezident Donald Tramp tərəfindən imzalanıb. Tam mətni məxfi saxlanılan sənədi ölkənin müdafiə naziri Ceyms Mettis də imzalayıb.

“Bu, strateji qarşıdurma deyil, real rəqabəti etiraf edən strategiyadır”, - deyə müdafiə nazirinin köməkçisi Elbric Kolbi qeyd edib.

“Sənəddə beşinci təhdid kimi terrorizm göstərilsə də, diqqət mərkəzində onunla mübarizə yox, dövlətlərin rəqabəti dayanır”, - ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib.

“Bundan sonra terrorizm yox, ölkələr arasında strateji rəqabət ABŞ milli təhlükəsizliyinin əsas probleminə çevrilir”, - sənədin mətbuatda dərc olunmuş açıq hissəsində deyilir.

Strategiya “Rusiya və Çinin təcavüzünə mane olmalıdır”.

“Əgər onlara etinasız yanaşsaq, bu ölkələr bizim təcavüzün qarşısını almaq qabiliyyətimizi sarsıda və öz alyansımızla (NATO nəzərdə tutulur – red.) təmin etməyə çalışdığımız azad və açıq qaydaları riskə məruz qoya bilərlər”.

“Çin və Rusiya ilə uzunmüddətli strateji rəqabət Müdafiə Nazirliyi (ABŞ – red.) üçün prinsipial prioritetdir və bu ölkələrin bu gün ABŞ-ın təhlükəsizliyi və rifahı üçün yaratdığı təhdidlərin miqyasını, gələcəkdə təhdidlərin güclənməsi imkanlarını nəzərə almaqla, daim artan investisiyalar tələb edirlər”, - deyə sənəddə bildirilir.

“Pentaqon Şimali Koreya və İrana qarşı müqaviməti davam etdirmək, terror təhlükələrini məhv etmək, İraqda və Əfqanıstandakı uğurlarını mərkəzləşdirmək niyyətindədir.

Rəqib dövlətlər – Rusiya və Çin “beynəlxalq qaydaları daxildən sarsıdır, bu məqsədlə onun üstünlüklərindən istifadə edir və eyni vaxtda köklərini dağıdırlar”, - sənəddə qeyd olunur:

“Rusiya BMT Təhlükəsizlik Şurasındakı veto hüququndan istifadə edərək, “NATO-nu silkələməyə və Avropada, Yaxın Şərqdə təhlükəsizlik və iqtisadiyyat strukturlarını dəyişməyə çalışır”.

ABŞ Müdafiə Nazirliyinin sənədində digər təhdidlər arasında İŞİD, “Əl-Qaidə” terror təşkilatları, o cümlədən Livanın “Hizbullah” hərəkatı göstərilib.

“Təhdidlərin qarşısını almaq məqsədilə ABŞ silahlı qüvvələrini müasirləşdirmək, ordunun döyüş qabiliyyətini artırmaq, alyansları gücləndirmək və nüvə texnologiyalarını inkişaf etdirmək niyyətindədir”, - sənəddə deyilir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...