Qarabağlı şou biznesdə ola bilərmi? KÖŞƏ

Bu gün kiminlə görüşsən kef-əhval, sağlamlıq durumu soruşulduqdan dərhal sonra giley-güzara başlayacaq. Problemləri sadalamaq, qayğıları dilə gətirmək və çətinlikləri qeyd etmək adiləşəcək. Sağollaşıb ayrılanda isə bu fikir mütləq olacaq: hər şey yaxşı olacaq, ye-iç kef elə. Əlavə o fikir də vurğulanacaq ki, beş günlük dünyadır, adama ancaq yeyib içmək qalacaq.

Bilmirəm, "ya vəlvələdən, ya da zəlzələdən"dir, ya nədəndirsə, bu gün cəmiyyətdə yuxarıda qeyd etdiklərim əsasında insanlar daha çox baş sındırırlar. Yəni günlərini yeyib-içməyə, şən çal-çağırlı gün keçirməyə həsr etməyə çalışırlar. Deyəsən, insanların istəyindəndir ki, televiziyalarımız da eyni ahənglə fəaliyyət göstərirlər. Günün istənilən saatında istənilən kanalı açsan, yalnız çal-çağırdır, şou əhlinin ünlü mütriblərinin meydan sulamasıdır. Sanki belə də olmalıdır. Elə bil, Dağlıq Qarabağ kimi xalqımızın qaysaq bağlayan yarası yoxdur və ya arada bir düşmənin açdığı atəş nəticəsində, şəhid olan əsgərlər bizim deyil. Düşmən gülləsinə tuş gələn 2 yaşlı Zəhranın soydaşları deyilik. Xocalı soyqırımına, Malıbəyli, Şelli faciələrinin, 20 Yanvar qırğınının vətəndaşları deyilik. Sanki Röya, Aygün, Manaf, Tacir, Əflatun, Ədalət, Damla, Faiq və digərləri atlanıb-düşüb, müxtəlif məzhəkələr göstərmələri bizə daha vacibdir. Düzdür, cəmiyyət, ümumilikdə, yasdan, qara geyinməkdən ibarət olmamalıdır. Ancaq müharibə şəraitində olduğumuzu da unutmamalıyıq. Dərk etməliyik ki, biz yağı düşmənlə üz-üzəyik. Anlamalıyıq ki, cəbhə bölgəsində, müvəqqəti də olsa, çətinliklə yaşayan vətəndaşlarımız var.

Sizi əmin edə bilərəm ki, şou əhlinin ünlü mütlüblərinin böyük əksəriyyətinin Azərbaycan torpaqlarının işğal tarixi ilə bağlı məlumatları yoxdur. Misal göstərim. Bir qədər əvvəl, Aşıq Zülfiyyə və Nadir Qafarzadə Xocalı soyqırımı günü xarici ölkələrdən birində məclis iştirakçısı olub, zəngulə vurmuşdular. Hələ bu barədə irad bildiriləndə, utanıb-çəkinmədən özlərinə haqq qazandırmağa çalışmışdılar. Bu isə, onu göstərir ki, mütrüblər üçün vətən, xalq anlayışı yoxdur.

Onlar üçün başlıca şərt deyib-gülüb oynamaq və sonra da puldur. Düşünürəm ki, xüsusilə, Qarabağ bölgəsindən olan müğənni şou-biznesdə ola bilməz Öz sənətindən, öz peşəsindən imtika etməlidir. İstedadını Qarabağ həqiqətlərini və xalqın üzləşdiyi faciəni müxtəlif vasitələrlə dünya xalqlarına çatdırmağa çalışmalıdır. Amma təəssüf ki, Qarabağdan olan müğənnilər oxuyub-oynamaqda daha fəaldırlar. Moskva, İstanbul və Avropanın müxtəlif şəhərlərini su yoluna döndərmək, Qarabağ bölgəsində doğulan, erməni vəhşiliyini görən, eşidən və ya oxuyan şou əhli üçün mənim Bakıdan kəndimə getməyim kimi adi bir yoldur. Ancaq bir dəfə də olsun, bu məxluqatlar konsert proqramı ilə çıxış etdikləri dövlətlərdə işğal altında olan Qarabağla bağlı təbliğat materialları ilə çıxış etdiklərini eşitməmişəm. Özləri də yalandan-palandan olsa da, dilə gətirməyiblər. Ən dəhşətlisi odur ki, Qarbağdan olan şou əhlinin əksəriyyəti hərbi xidmətdə də olmayıblar. Belələrinə nə ad verəsən?

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə