Münaqişənin həlli ilə bağlı kreativ təkliflər nədən ibarətdir? RƏYLƏR

Xəbər verildiyi kimi ötən gün Azərbaycan və Ermənistan XİN başçıları - Elmar Məmmədyarov və Edvard Nalbadyan arasında Polşanın Krakov şəhərində görüş keçirilib. Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun görüşlə bağlı verdiyi açıqlamaya görə, 6 saat davam edən görüş əsnasında həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb.

Bəs görəsən kreativ təkliflər nədən ibarətdir və bu görüşün nəticələri bizi qane etdimi? SİA bununla bağlı Milli Məclisin deputatı və politoloqların fikirlərini öyrənib.

“Düşünürəm ki, yaxın gələcəkdə problemin həllini tapacağıq”

Milli Məclisin deputatı Rövşən Rzayev: “Görüşdə səslənən kreativ təkliflər düşünürəm ki, Azərbaycanın maraqlarına uyğundur. Həmsədrlər elə təklif irəli sürə bilər ki, işğalçı dövlət bu təkliflərin qarşısında məcbur olaraq konstruktiv mövqeyə gələ bilər. Təbii ki, burada yenə də əsas məsuliyyət həmsədrlərin üzərinə düşür. Onların təklifləri Azərbaycanın mövqelərinə uyğun, daha ədalətli, beynəlxalq hüquqa söykənən və gələcəkdə xoş ab-hava yaradacaq şəkildə ola bilər. Belə olan halda, erməni tərəfi düşünmək məcburiyyətində qalıb konstruktiv addım ata bilər. Artıq bu addım çoxdandır ki, onlardan gözlənilir. Azərbaycan prezidenti İlham Əliyevində söylədiyi kimi substantiv danışıqların zamanı çatıb. Bu baxımdan Azərbaycan daha konkret məsələlərin işlənib hazırlanması, təkliflər gözləyir. Həm dünyanın aparıcı dövlətləri olan Fransa, Rusiya, Amerika, həm Minsk qrupuna daxil olan digər ölkələr, həm də Azərbaycanın ədalətli, tam hüququ mövqeyi ərazi bütövlüyümüzün sülh yolu ilə həllinə tərəfdardır. Bütün bunları nəzərə alaraq düşünürəm ki, yaxın gələcəkdə problemin həllini tapacağıq”.

“Rusiyada, həm də Ermənistanda seçkilər ili olduğundan problemin həlli ilə bağlı müsbət nəsə danışmaq olmaz”

Politoloq Arzu Nağıyev: “Ötən gün Polşada keçirilən XİN başçılarının görüşü gözlənilən istiqamətdə getdi. Əsas məsələ odur ki, ermənilər bir daha danışıqlar masasına qayıdıb. Eyni zamanda ATƏT-in Minsk qrupu həmsdərlərinin təmsilçisi olan dövlətlər həqiqətən də regionda hər hansı müharibənin yenidən alovlanmasının əlayehinədir. Bu, vacib məsələlərdən biridir. Söhbətin danışıqlar yolu ilə həll olunması istiqamətində müəyyən addımlar atmaq fikirləri var. Lakin bu Azərbaycanı tam şəkildə qane edə bilməz. Çünki, məlum məsələdir ki, Ermənistanda seçkilər ilidir. Bu seçkilərdə də məhz Dağlıq Qarabağ münaqişəsi əsas kart kimi oynanılır. Separatçı qüvvələrə verilən müstəqillik sözü həll olunmayana qədər problemin həllində müsbət nəsə danışmaq olmaz. Ona görə də problem həddindən artıq ciddi şəkildə müzakirə olunur. Rusiyada seçkilər ili olduğu hər kəsə məlumdur. Bu baxımdan düşünürəm ki, problemin həlli ilə bağlı müsbət istiqamətdə addımların atılmaması gözləniləndir. Ona görə də həm qərbyönümlü, həm də rusiyayönümlü siyasətçilər, eyni zamanda Sarkisyanın Dağlıq Qarabağ klanı regionda müharibənin olmaması üçün bu status-kvonu saxlamaqda maraqlıdırlar. Məhz kartdan istifadə edərək də Sarkisyan seçkilərdə qələbə çalsın”.

“Ermənistan tərəfindən yeni prinsipal təklifin irəli sürüldüyünü düşünmürəm”

Politoloq İlqar Vəlizadə: “Ötən gün Krakov görüşündən sonra yayımlanan bəyanatda XİN başçısının problemin həlli ilə bağlı kreativ təkliflərin irəli sürülməsi ilə bağlı fikirlər ölkə ictimaiyyətinin diqqətini cəlb edib. Lakin xatırladım ki, 20 ildən çox müddətdə danışıqlar prosesində kreatib ideyalar adlandırılacaq səviyyədə bir sıra təkliflər irəli sürülüb. Amma nəticə etibarı ilə onların heç biri reallaşmayıb. Bu təkliflərdən biri Azərbaycanın Mehrini öz üzərinə, Ermənistanın isə Laçın dəhlizini özünə götürməsi idi. Düzdür, bu ideyalar konkret danışıqlar predmeti olmayıb. Çünki tərəflər bu ideyaların reallaşması üçün əlavə vaxt, resurs itkisinin olacağını yaxşı başa düşürdülər. Bu cür ideyalardan istifadə etmək istəyən Ermənistanın məqsədi də məhz vaxt itkisi idi. Əlbəttə ki, Azərbaycan tərəfi bu məqsədləri bildiyi hər zaman məsələnin konkret məcraya yönəldilməsini istəyib. Krakov görüşündə irəli sürülən təkliflərin nədən ibarət olması konret açıqlanmasa da, onların qeyri-adi, yeni, prinsipal təklif olduğunu da düşünmürəm. Amma ümid edirəm ki, 2018-ci ilin danışıqlar prosesində intensiv il olacaq. Bütün hallarda həm tərəflər, həm də həmsədr ölkələr münaqişənin yenidən alovlanmasını istəmirlər. Bunun özü danışıqlar prosesində fon yaradır. Hesab edirəm ki, ilin il aylarında yeni danışıqlar prosesinin konturlarını görə biləcəyik. Təbii ki, yekunda yenə də hər şey konkret addımlardan asılı olacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə