“Ermənilər asılılıqlarını bir az azaltmaq istəyirlər” ŞƏRH

“İrəvanda keçirilən dəyirmi masada Ermənistanın bir qrup siyasətçisi və eksperti təklif edib ki, ölkənin suverenliyini bərpa etmək məqsədilə Türkiyə və İranla sərhəddin qorunması Rusiyadan alınsın. Bu bir etirafdır ki, Ermənistan müstəqil dövlət deyil və Rusiyanın vilayətidir. Bir ölkənin sərhəddini başqa dövlətin hərbi birlikləri qoruyursa, o necə müstəqil ola bilər? Ona görə də Ermənistanda buna qarşı gizli etiraz açıq şəkil alıb”. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

“Ən maraqlısı Rusiyanın bəzi saytlarının buna reaksiyadır, dəyirmi masadakı müzakirələri nökərin ağaya baş qaldırması kimi dəyərləndirirlər.

Ruslar yazırlar ki, ermənilər nainsafdırlar, vaxtilə Rusiya rəsmi İrəvanın xahişi ilə Ermənistanın İran və Türkiyə ilə sərhəddini qorumaq qərarını almasaydı, Ermənistanın o zamankı hakimiyyəti hərbi qüvvələrini sərhəddən çəkib Azərbaycan torpaqlarını işğal edə bilməzdi. Yəni demək istəyirlər ki, Ermənistan Azərbaycan torpaqlarının işğalına görə Rusiyaya minnətdar olmalıdırlar. Ruslar tam haqlıdırlar. Ancaq nə etmək olar, ermənilər ağadan asılılıqlarını bir az azaltmaq istəyirlər. Bu asılılıq onları qaranlıq gələcəyə aparır”, - deyə, politoloq fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə