“KİV haqqında qanuna edilən dəyişiklikləri alqışlayırıq” MÜNASİBƏT

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 937-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin ötən gün imzaladığı Sərəncamın tezliklə tətbiq edilməsinin tərəfdarıyıq”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, ötən ilin dekabrında "KİV haqqında qanun"un 19-cu maddəsinə dəyişiklik edildi: “Bu dəyişiklik zamanın tələbi idi. Yəni mediadan sui-istifadə ilə bağlı hallar artdığı üçün hansısa tədbirlərin görülməsi zərurəti yaranmışdı. Söhbət "kütləvi informasiya vasitəsinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi qaydası"ndan gedir. Maddəyə edilmiş dəyişikliyə görə, bundan sonra "kütləvi informasiya azadlığından və ya jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdikdə mətbu nəşrin fəaliyyətinin iki ay müddətində dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırıla bilər".

Yəni artıq eyni xətanı törətməyə meyllənənlər başa düşəcək ki, bu əmələ görə, rəhbərlik etdikləri media qurumunun fəaliyyəti dayandırıla bilər. Əlbəttə, belə bir dəyişikliyi alqışlayırıq və ümid etmək istərdik ki, bundan sonra bəzi şəxslər mediadan sui-istifadəyə son qoyacaqlar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə