Vaqif Əsədov sürücülərə müraciət etdi DİQQƏT

“20 Yanvar günü ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq”. Bu barədə SİA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyi təmin etmək məqsədilə yanvarın 20-i saat 08:00-dan mərasim başa çatanadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi Teleteatr binasının qarşısından, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

BŞDYPİ sürücüləri həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, alternativ yollara üstünlük verməyə çağırır.

Qeyd edək ki, matəm günü saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları veriləcək. Hüzn əlaməti olaraq dövlət bayraqları endiriləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə