“Bu həmsədrlərin köhnə taktikasıdır” ŞƏRH

“Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Polşanın Krakov şəhərində əvvəlcə erməni həmkarı ilə təkbətək görüşüb, sonra həmsədrlər də onlara qoşulublar. Bu həmsədrlərin köhnə taktikasıdır, əvvəlcə tərəfləri başbaşa buraxır, onlar ürəklərini boşaltdıqdan sonra danışıqlara qatılırlar”. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Elmar Məmmədyarov görüşdən sonra maraqlı açıqlama verib: “Nazir deyib ki, həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb. Gəlin indi baş sındıraq ki, 25 ildə hər detalın öyrənildiyi və müzakirə edildiyi danışıqlarda hansı boşluq qalıb ki, yeni və maraqlı təklif üçün də yer qalsın.

Məmmədyarovdan fərqli olaraq Ermənistanın xarici işlər nazirindən həmsədrlərin “kreativ” təklifləri barədə açıqlama eşitmədim. Tam əksinə, görüşdən əvvəl Ermənistan XİN-nin mətbuat katibi Azərbaycan əleyhinə demədiyi söz qalmadı, Bakını danışıqları pozmaqda ittiham edib. Bəlkə də həmsədrlər nəsə “kreativ” təklif irəli sürüblər, ancaq erməni nazirin ritorikasında dəyişən bir şey yoxdur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə