20 Yanvar faciəsi qəhrəmanlıq tariximizdir FOTOLAR

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı Heydər Əliyev Mərkəzi ilə birgə 20 Yanvar faciəsini 28-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədr müavini Abasyar Heydərov Azərbaycan xalqının istiqlalçılıq, azərbaycançılıq və milli özünüdərk yolundakı təşəkkülündə 1990-cı illər azadlıq hərəkatının tarixi əhəmiyyətindən söz açıb. O, 20 Yanvar hadisələrinin mənəvi, siyasi və hüquqi aspektləri barədə məlumat verərək, xalqımızın həyatında və yaddaşında dərin iz qoymuş bu faciənin acı nəticələrindən danışıb.

Heydər Əliyev Mərkəzinin direktoru YAP Xaçmaz rayon təşkilatının idarə heyətinin üzvü Könül Əsgərova 20 yanvar hadisələrilə bağlı məruzə ilə çıxış edərək, vətənimizin müstəqilliyi, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu deyib: "Sovet imperiyası tərəfindən xüsusi qəddarlıqla törədilən bu qanlı cinayət, dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklərlə divan tutulması xalqımızın müstəqillik əzmini birdəfəlik sındırmaq məqsədi daşıyırdı. Lakin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bəyan etdiyi kimi, "Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi".

Tədbirdə ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sonda faciə ilə bağlı çap edilmiş kitabların sərgisi, Xaçmaz İncəsənət Məktəbinin gənc rəssamlarının 20 Yanvara həsr olunmuş rəsm əsərlərinə baxış keçirilib.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...