İnsanda ağıl, dərrakə və düşüncə çox yaxşı şeydir. Yəni insanın yaşaması, işləməsi və özünə hörmət-izzət qazanması, karyera əldə etməsi baxımından, sadaladığımız şeylər başlıca şərtlərdəndir. Düzdür, bu şeylərdən kənar xarakterə və xüsusiyyətə malik olanlar da mövcuddur. Onlar da balaca dünyanın çox kiçik sakinləri hesab edirlər. Bəzən özlərini ağıllı hesab edənlər, əks-ağıl sahiblərinə baxıb həsəd də aparırlar. Özləri üçün təskinlik ola bilən fikirlər də deyirlər.

Misal üçün, "ağıllı olub hamının dərdini çəkməkdənsə, dəli ol, qoy sənin dərdini çəksinlər". Və yaxud da, deyirlər ki, "ağıllı fikirləşincə, dəli çayı keçir". Bu baxımdan, demək olar ki, özlərini tam şəkildə ağıllı hesab edənlər, əslində, müəyyən məsələlərdə dəlillərdən geri qalırlar.

Digər tərəfdən, heç də ağıl baxımından problemli olan insanlar heç zaman qüsurlu olduqlarını etiraf etmirlər. Fransız yazıçısı Onere de Balzak çox yaxşı deyib: "Bu dünyada hər kəs ağıllıdır, çünki hələ bu günə qədər kimsə önə çıxıb, mən dəliyəm deməyib". Etiraflar olmasa da, müşahidələr, nəinki sadə insanlarda, eləcə də, özlərini dahi adlandıran şəxslər belə ağıl problemlərinin olduğunu üzə çıxarır. Görünür, məhz buna görə də, alimlər o qənaətə gəliblər ki, normal insan cildindən dahi olmaz. Dahi qeyri-adi geyinməli, uzun saqqal saxlamalı, tüfeyli həyat sürməli, qəribə və anormal hərəkətlər etməlidir.

Deyilənə görə, ingilis yazıçısı Ceyms Harinton elə fikirləşirmiş ki, sözləri ağzından quş və arı şəklində çıxır. Bu baxımdan, süpürgəni götürərək, onları qovmağa çalışırmış. Alman bəstəkarı Robert Şuman da hələ kiçik yaşlarında dəlilik əlamətləri aşkarlanır. 46 yaşında isə tamamilə ağlını itirir. Dahi bəstəkar elə düşünürmüş ki, stol və stullar danışır. O, akkordlara və musiqi parçalarına çevrilən səsləri görürmüş.

Problemli dahilərdən söz düşmüşkən, deyilənə görə, Nyuton, Arximed, Van Qoq, eləcə də, Bonopard Napaleon, Vladimir İliç Lenin ağıl baxımından qüsurlu olan dahilərdən sayılırlar. Bununla belə, bunlar dünya tarixində pis və ya yaxşı mənada, silinməz izlər buraxdılar. Ağacdan başına alma düşdüyü üçün, "evrika" deyib, cazibə qanununu kəşf edən Nyutondursa, Napaleon hərbi əməliyyatları ilə qeyri-mümkün sözünü leksikondan silmək istəyirdi. Napaleon, həm də bəşəriyyətin hakimi olmaq iddiasında idi. Ona görə də deyirdi:

Göy Allahındır,

Ancaq Yer üzünün tanrısı mənəm.

Demək ki, Kainat bir padşahındır,

Dünya utunmazmı, mənimdir desəm?

Qısası, tədqiqatlar və araşdırmalar apardıqdan sonra gəlinən nəticələrə əsasən, dəli hesab edilən dahilər, əslində, ağıllı hesab olunan insanlardan daha dərrakəli və ağıllı olublar. Bununla belə, məşhur psixiatr V.Lambrozoya görə, dahilik və dəlilik həmişə yanaşı addımlayır. Bu baxımdan, yuxarıda adları çəkilən dahilərə qibtə edənlərə elə onlar kimi ağıl arzulayıram.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə