Şəhidlər Xiyabanında hazırlıq işləri gedir REPORTAJ

Qanlı 20 Yanvar faciəsindən 28 il ötür. Hər il olduğu kimi, bu il də canını Vətənin azadlığı uğrunda qurban vermiş şəhidlərimizin anım günü ilə bağlı Şəhidlər Xiyabanında hazırlıq işləri başa çatmaq üzrədir.

SİA-nın əməkdaşı olaraq yolumuzu həmin ünvandan saldıq. Hər şeydən əvvəl anım gününə bir neçə gün qalmasına baxmayaraq, şəhidlərimizin uyuduğu xiyabana insan axını hər kəsin diqqətini çəkir. Ziyarətə gələnlərin əksəriyyəti isə paytaxtda fəaliyyət göstərən orta məktəblərin müəllim və şagirdləri, məktəbəqədər tərbiyə müəssisələrindən olan uşaqlar idi. Azyaşlı uşaqlar və məktəblilər öz müəllimləri ilə birgə əllərində gül dəstəsi şəhidlərimizi yad edir, 20 Yanvar qurbanlarının məzarları önünə qərənfillər düzürdülər. Müəllimləri isə şagirdlərə 20 Yanvar şəhidləri barədə ətraflı məlumatlar verirdilər.

Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi alıtında xiyabanda böyük hazırlıq, təmir və bərpa işləri gedib. Ziyarətə çevrilmiş məzarlığın giriş hissəsindəki Şəhidlər Xiyabanı lövhəsinin ətrafı çiçəklərlə bəzədilib.

Şəhidlər Xiyabanının girişində güllər vasitəsi ilə böyük həcimli 20 və qərənfil kompozisiyası əks olunub. Tünd qırmızı qərənfillər yazının aydın oxunması üçün istifadə olunur. Şəhidlər xiyabanının bəzənməsində istifadə olunan gül-çiçək Azərbaycanın bütün rayonlarından gətirilib.

Lövhənin sağ və sol tərəfindəki pilləkənlərin üstü də qərənfillərlə bəzədilmişdi.

Bir sözlə, xiyabanda aparılan hazırlıq işləri buraya gələn hər kəsin diqqətini çəkirdi. Burada çalışan fəhlələrin, hazırlıq işlərinə nəzarət edən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin dediklərinə görə, Şəhidlər Xiyabanında bütün işlər sabah tam şəkildə başa çatdırılacaq.

Xiyabana ziyarətə gələn məktəblilərlə və sakinlərlə də görüşdük. Onlar xiyabanda aparılan hazırlıq işlərindən razı qaldıqlarını və şəhidlərimizin heç vaxt unudulmadıqlarını söylədilər.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov ziyarətçilərin rahat gediş-gəlişini təmin etmək üçün sürücülərə müraciət edib: “20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar yanvarın 20-də səhər saat 08:00-dan etibarən tədbir tam başa çata qədər paytaxtın Parlament prospektinin Şəhidlər xiyabanı istiqamətində kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq, hərəkət istqaməti dəyişdiriləcək.

Bölmə rəisi qeyd edib ki, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

V.Əsədov sürücülərdən xahiş edib ki, bu istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə