“Kürd məsələsinin həlli Ankara ilə Moskvanın müttəfiq olmasındadır” MÜNASİBƏT

“Bu gün ABŞ-ın Suriyada 30 minlik kürd ordusu yaratması Osmanlı dövründən sonrakı Türkiyənin ən böyük təhlükəsidir. Düşünürəm ki, ABŞ o mövqeyindən geri çəkilməyəcək. Çünki ABŞ bir müddət “kürd kartı”nı əlindən buraxdı və dərhal Rusiya o “kürd kartı”nı öz əlinə keçirdi. İndi isə “kürd kartı” Rusiyanın əlindən çıxıb və ABŞ da yaranmış bu fürsətdən istifadə edib “kürd kartı”nı bütövlükdə öz əlinə keçirmək istəyir”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Türkiyənin nə deməsindən asılı olmayaraq ABŞ kürdləri silahlandıracaq və onlara siyasi dəstək verəcək: “ABŞ-ın kürdlərə yanaşması eyni ilə ABŞ-ın və NATO-nun ermənilərə yanaşması kimidir. Yəni nə istəyirlərsə verək. Prinsip bundan ibarətdir. Bizim də əsas xəttimiz budur ki, Ermənistan bizdən nə istəyirsə onu əsaslandırsın və müzakirə etmədən onu verəcəyik. İndi də ABŞ kürdlərlə eyni ilə bu prinsiplə rəftar edir. Ona görə də burada çox qəliz vəziyyət yaranır. Belə başa düşürəm ki, Ankaranın yaranmış vəziyyətdən başa çıxması qeyri-mümkündür. Əgər Ankara Rusiya ilə birlikdə iş qura bilsə, Moskva ilə səmimi münasibətlər yarada bilsə bu zaman kürd faktoru neytrallaşdırıla bilər. Bu məsələdə Türkiyə Moskva ilə birlikdə olsa o zaman İran, İraq və Suriyada Ankaraya dəstək verəcək. Çünki ABŞ kürd məsələsini yaradanda, kürdləri silahlandıranda məqsədi tək Türkiyə deyil, həm İraqa, Suriyaya, həm də İrana əlavə problemlər yaratmaq idi. Bu mənada hesab edirəm ki, kürdlərin silahlanmasının qarşısını almaqda ən birinci məsələ Ankara ilə Moskvanın müttəfiqliyinin dərəcəsidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...