Bilik Fondu maarifləndirici tədbirlər keçirəcək

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixli Sərəncamını əsas tutan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda bu yönümdə keçiriləcək maarifləndirici tədbirlərin müzakirəsi olub.

Bilik Fondunun Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Bilik Fondunun rəhbərliyi və əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə Fondun lektorlar qrupunun üzvü, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova özünün tədqiqat sahələrindən biri olan “Azərbaycan dövlətçilik tarixi” mövzusunda söhbət aparıb. Bildirilib ki, bü günkü müstəqil Azərbaycan Respublikası 1918-ci ildə təşəkkül tapan və cəmi 23 ay fəaliyyət göstərməsinə rəğmən dövləçilik özülünü qoyan cümhuriyyətimizin tarixi varisidir.

Alim 1917-18-ci illərdə Azərbaycanda yaranmış tarixi vəziyyətdən başlayaraq, 1920-ci ilin aprelində ölkəmizin bolşevik Rusiyasının işğalına məruz qalmasına qədər tarixi prosesi təsvir edib: “1918-ci ildə Mudros müqaviləsinə əsasən Birinci Dünya müharibəsində məğlub olmuş Osmanlı dövləti öz qoşunlarını Cənubi Qafqazdan çıxarmaq məcburiyyətində qalır. 16 noyabr 1918-ci ildə artıq qalib ingilis qüvvələri müttəfiq qoşunların komandanlığı adı ilə Bakıya daxil olurlar. Azərbaycan milli qüvvələri öz ordularını Bakıdan çıxarmalı idilər. Və gələn ingilis qüvvələri, başda general Tomson olmaqla, Azərbaycan hökumətini tanımır, onu türklərin intriqasından yaranmış bir hakimiyyət hesab edir, Azərbaycan bayrağını bütün binalardan endirir və bu ərazini Rusiya dövlətinin parçası olaraq görürdülər. Belə bir vəziyyətdə Azərbaycan hökuməti öz siyasətini ortaya qoyur, ingilislərlə əməkdaşlıq etməyə razılıq verir, ABŞ prezidenti Vilsona onun prinsiplərindən çıxış edərək, müraciət edirlər. Eyni zamanda, sivil və hüquqi dövlət qurmaq yönündə aktiv fəaliyyətə başlayır. Hakimiyyətin legitimliyini təsdiqləmək üçün Azərbaycan Milli Şurası noyabrda yenidən bərpa edilir, noyabrın 20-də Azərbaycan parlamentinin açılması haqqında qanun qəbul olunur” - deyə tarixi gedişata aydınlıq gətirən alim sonradan həmin proseslərdə cümhuriyyətə xain çıxan qüvvələrdən də söhbət açıb.

Sonda Cümhuriyyətin 100 illiyi ilə əlaqədar keçiriləcək maarifləndirici tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Tarixçi alimlə baş tutmuş görüşdə Fondun Cümhuriyyət ilində görəcəyi işlərlə, keçirəcəyi tədbirlərlə bağlı müzakirələr aparıb. Qərara alınıb ki, Bilik Fondunun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun fəaliyyət planına Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı forma və məzmun baxımından rəngarəng maarifləndirici tədbirlər – elmi seminarlar və dəyirmi masalar, müzakirələr və təqdimatlar, bilik yarışmaları və elmi turlar daxil edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə