“Əli Kərimli anti-Azərbaycan mərkəzlərin ruporu olmağa çalışır” MÜNASİBƏT

“Ümumiyyətlə, qeyri-müəyyən, dumanlı, məntiqsiz və əsassız fikirləri qeyri-ciddi adamlar səsləndirirlər. Bu sadəcə olaraq diqqəti cəlb etməkdir. Əgər nəyisə bərpa etmək lazımdırsa, ilk növbədə özlərini siyasətçi adlandıran adamlar gedib özlərinin siyasi reputasiyalarını, siyasi imiclərini bərpa etsinlər”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti bu gün çox güclüdür: “Azərbaycanın bu gün güclü olmasının əsas səbəbi dövlət başçısı tərəfindən həyata keçirilən düzgün, doğru və milli maraqlarımıza söykənən siyasətdir. Çox mürəkkəb regionda olmağımıza, dünyada çox böyük iqtisadi, siyasi kataklizmlər baş verməsinə, ətrafımızda çox ciddi terror təşkilatlarının mövcud olduğuna baxmayaraq Azərbaycan günü-gündən inkişaf edir, dövlətçiliyimiz möhkəmlənir, ölkəmizin beynəlxalq nüfuzu artır. Görünür Azərbaycanın hər gün bir qədər daha güclənməsi, hərbi sənaye qurması, ölkənin inkişaf etməsi Azərbaycanı sevməyən bəzi qüvvələri narahat edir. Ona görə də Azərbaycanı sevməyən xarici güclər vaxtaşırı Əli Kərimli kimi adamlar vasitəsilə Azərbaycan ictimai rəyində neqativ fikir formalaşdırmağa çalışırlar. Amma nəzərə almırlar ki, Əli Kərimli kimi adamların Azərbaycan ictimai rəyinə ümumiyyətlə aidiyyatı yoxdur. Çünki bu insan çoxdan ifşa olunub. Bu insanın kim olduğu Azərbaycan ictimaiyyətinə dəqiq bəllidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə