Qərbin "demokratik institutları" dəyişməz ampluadadır

"Cənab Arlemi həqiqət yox, sadəcə, siyasi sifarişi yerinə yetirmək düşündürüb"

Zaman-zaman bir sıra qərəzli və məkrli mövqeləri ilə seçilən xarici təşkilatlar, QHT-lər və fondlar Azərbaycanda söz və mətbuat azadlığı sahəsində əldə olunan uğurlara kölgə salmağa xidmət edən hesabatlar yayırlar. Bu günlər mötəbər qurum kimi dəyərləndirilnən ATƏT-in media azadlığı üzrə ofisinin rəhbəri Harlem Dezir də eyni qərəzli açıqlama ilə çıxış edib. Söhbət etdiyimiz müsahiblərimiz səslənən fikirlərlə Qərbin demokratik institutlarının Azərbaycana qarşı növbəti qərəzi kimi qiymətləndirdilər.

Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov:

- ATƏT-in media azadlığı üzrə ofisinin rəhbəri Arlem Dezirinin Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı səsləndirdiyi fikirlər Qərbin demokratik institutlarının bir daha öz ampulalarında olduğunu göstərir. Nədənsə, ATƏT 25 ilə yaxındır ki, Qarabağ məsələsində heç vaxt ədalətli mövqe ortaya qoymur. Bir milyondan çox məcburi köçkünün hüquqlarının pozulmasından danışmır, işğal faktorunu qabartmır, Ermənistana qarşı heç bir təzyiq metodundan istifadə etmir. Amma Azərbaycana qarşı qərəzli fikirlər daim səsləndirir. Azərbaycanda bu gün kifayət qədər media orqanı fəaliyyət göstərir və bunların içərisində elektron media daha çoxdur. Cənab Arlem, heç olmasa, qərəzli fikirlərini səsləndirəndə media saytlarının birinə baxıbmı? Azərbaycan mediasını tədqiq edibmi? Təbii ki, yox. Çünki cənab Arlemi həqiqət yox, sadəcə, siyasi sifarişi yerinə yetirmək düşündürüb. 2018-ci il Azərbaycanda seçki ilidir, bunların məqsədi yenə də siyasi böhran yaratmaq və Azərbaycan dövlətinə təzyiq etməkdən ibarətdir. Əgər belə olmasaydı, Azərbaycanda təkcə sosial şəbəkələrə baxmaqla, söz azadlığının olub- olmamasına qiymət vermək olar. Bu gün Azərbaycanda sosial şəbəkələrə məhdudiyyət yoxdur və hər bir kəs də sərbəst surətdə öz fikirlərini deyir. Sadəcə, Qərb həmişə olduğu kimi, insan hüquqları və söz azadlıqları şüarlarını əllərində bayraq edərək, dövlətlərə qarşı çirkin təzyiq vasitəsinə çevirib. Əgər bu, belə olmasaydı, onlar ədalətli mövqe sərgiləmək istəsəydilər, bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarından daha çox danışmalı idilər və hər hansısa bir xarici kəşfiyyat agentlərini müdafiə etməzdilər.

"İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə:

- Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar öz siyasi maraqları naminə Azərbaycana qarşı müxtəlif qərəzli bəyanatlar verməyə öyrəşiblər. Əvvəllər bu bəyanatlar diplomatik formada əks olunurdu. Çox təəssüf ki, bu gün müxtəlif supergüclər öz maraqlarının açıq formada diktə etmək yolunu seçiblər. Azərbaycana qarsı da bu mövqe, xüsusən, dövlətimiz üçün əhəmiyyətli hadisələrin planlaşdırıldığı məqamlarda geniş vüsət alır. ATƏT-in media azadlığı üzrə ofisinin rəhbərinin bu müsahibəsi də, məhz buna hesablanıb. Müsahibədə 2018-ci il prezident seçkilərinin azad media və namizədlərin kütləvi informasiya vasitələrinə çıxışının olmadığı bir mühitdə gedəcəyi ilə bağı iddialar səslənir. Bu gün Azərbaycan əhalisinin 82 faizinin internetə çıxışının olduğu bir məqamda bu iddianı səsləndirmək gülünc görünür. Media və sosial şəbəkələr üzrə araşdırmalar zamanı, məlum olub ki, KİV-də gedən materiallara müraciətlərin 50 faizindən artığı, məhz sosial şəbəkələr vasitəsi ilə həyata keçirilir. Avropalı ekspertlərin də, sosial şəbəkələrin effektinin ənənəvi mediandan üstün olduğunu dəfələrlə qeyd etməsini nəzərə alsaq, belə bir sual yaranır: söz və məlumat azadlığı deyəndə, ATƏT-in media azadlığı üzrə ofisi nəyi nəzərdə tutur? Ölkədə sosial şəbəkələrə heç bir məhdudiyyət tətbiq edilmir. Yüzlərlə kütləvi informasiya vasitəsi sərbəst fəaliyyət göstərir. İstənilən şəxs sərbəst formada heç bir icazə almadan və qeydiyyat üçün müraciət etmədən xəbər saytları, internet televiziya yaradır və sərbəst formada fəaliyyət göstərir. Avropalı nümayəndələr jurnalistikada raketçiliyi, yoxsa hər hansı ölkələrdən vəsait alaraq, dövlətçiliyə və milli maraqlara qarşı mübarizə aparmağı təşviq edirlər? Bu qərəzin nədən qaynaqlandığına gəlincə isə, fikrimcə, ölkədə seçki ərəfəsi müxtəlif anti-Azərbaycan qüvvələrin mətbəxində hazırlanan bir layihənin tərkib hissəsidir. Bu qüvvələr Azərbaycanda öz maraqlarını təmin etmək istəyən bəzi xarici ölkələr və erməni lobbisindən ibarətdir. Təəssüflər olsun ki, bəzi azərbaycanlılar bu məkrli niyyətin həyata keçirilməsində həmin qüvvələrə alət olurlar.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov:

- Bildiyiniz kimi, bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Azərbaycan dövlətinin əldə etdiyi uğurları görmək istəməyən xaricdə olan müəyyən maraqlı qüvvələr çalışırlar ki, bu cür reallığı özündə əks etdirməyən fikirlər səsləndirməklə içtimai rəydə müəyyən suallar yaratsınlar. Ancaq onların nə deməsindən asılı olmayaraq, Azərbaycan dövləti öz işindədir. Azərbaycanda hər bir insanın hüquqları və azadlıqları təmin olunur. Əlbəttə ki, bütün bunları görmək istəməyən, məkrli qüvvələr var. Bölgədə müəyyən siyasi maraqları olan və müəyyən siyasi maraqları həyata keçirmək istəyən bəzi qüvvələr, beynəlxalq təşkilatlar zaman-zaman Azərbaycana bu kimi məsələlərlə ilə təzyiq göstərməyə çalışırlar. ATƏT-in media azadlığı üzrə ofisinin rəhbəri Harlem Dezir ölkəmiz haqqında belə bir fikri ifadə etməsi, heç bir həqiqəti özündə əks etdirmir. Qısası, bu, qərəzdən başqa bir şey deyil.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə