Ermənistan Lavrovun bəyanatından vahiməyə düşüb TƏHLİL

İşğalçı ölkə bütün mövqelərdə uduzmaqda davam edir

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin həllinin yalnız tərəflər arasında həll oluna biləcəyi barədə verdiyi bəyanatı Ermənistanda ciddi narahatlığa səbəb olub. SİA xəbər verir ki, bu barədə erməni analitiki Aram Amatuni 1in.am saytındakı şərhində baş qaldırmış narahatlığı açıq-aydın nümayiş etdirib. Erməni analitiki hesab edir ki, rəsmi Moskvanın münaqişənin həlli üçün planının olmaması onun digər planının – Ermənistana və Azərbaycana silah satışı istiqamətindəki biznes planının realizə olunmasına şərait yaradır. Bununla o demək istəyir ki, tərəflər, xüsusilə Azərbaycan münaqişənin həlli istiqamətində Aprel müharibəsini yenidən təkrarlaya bilər.

Ermənilərin təskinlikləri nəticə vermir və ölkədə formalaşmış anti-Rusiya meylləri hazırda da davam edir

“Moskvanın ona görə planı yoxdur ki, o Aprel müharibəsini açıq aydın gördü: Ermənistanın müdafiə olunması üçün minimal resursları var”-deyə yazan erməni analitiki bu məsələdə “Ermənistan ordusunun “döyüş qabiliyyətini” tərif etsə də, dolayı yolla etiraf edib ki, bu ordu Azərbaycanın blits-qələbəsinə qarşı davam gətirmək gücündə deyil. Bu baxımdan, Aram Amatuni öz təhlilində təskinlik verərək, guya Ermənistanın digər dövlət resurslarının olduğunu iddia edib. Misal üçün, “könüllü arxa cəbhənin” və “milli ordunun” yaradılmasının mümkünlüyü barədə yazan analitik məhz bu halda Rusiyanın yardımına ehtiyacın olmayacağını qeyd edir. Ancaq bu təskinliklər heç bir nəticəni vermir.

Lakin fakt həm də budur ki, məhz Aprel müharibəsində işğalçı erməni silahlı qüvvələri, eləcə də separatçılar tam şəkildə məğlub oldular, o cümlədən bunu ermənilərin generalları və hərbi ekspertləri də etiraf etmək məcburiyyətindəydilər.

Onu da qeyd edək ki, son dövrlər Ermənistanda formalaşmış anti-Rusiya meylləri hazırda da davam edir. Görünür, bu səbəbdən, Rusiya Federasiyasının XİN rəhbərinin bəlli bəyanatı işğalçı ölkədəki bu meyli daha da gücləndirib.

Aram Amatuni: “Putinlə Sarkisyanın keçirdiyi bu görüş faktiki olaraq Rusiya Federasiyasının “tənzimləmə proqramından” imtina etməsinin dönüş nöqtəsi oldu”

Bununla yanaşı, erməni analitiki yazır ki, müəyyən hərbi-siyasi proseslər Rusiyanın bəzi yanaşmalarına yenidən baxmasına səbəb olub. “Baxmayaraq ki, aprelsonrası aylarda Moskva uğursuz strategiyasını “təmir” etməyə cəhd göstərdi, lakin sonradan anladı ki, bu mümkün deyil, hətta strateji planda təhlükəlidir, artıq bu strateji yanaşmaları da dəyişdi”-deyə yazan Aram Amatuni bu dəyişikliklərin 2016-cı ilin avqust-sentyabr aylarında baş verdiyini qeyd edir: “Bu, Putinlə Sarkisyanın avqustun 10-da Moskvada keçirdiyi görüşləridir. Həmin görüşdə Putin bir tərəfdən eyham vurdu ki, Ermənistan Rusiyadan əlavə iqtisadi dəstək almaq gözləntilərinə son qoymalıdır, başqa tərəfdən, Putin Serj Sarkisyanın bəzi siyasi azadlıqlarını da tanıdı. Nəzərə alsaq ki, bu görüş iyul aylarında PPX alayında baş vermiş dramatik hadisələrdən bir neçə gün sonra keçirilib, açıq-aydın görünür ki, Putinlə Sarkisyanın keçirdiyi bu görüş faktiki olaraq Rusiya Federasiyasının “tənzimləmə proqramından” imtina etməsinin dönüş nöqtəsi oldu. Müəllif burada iddia edir ki, Yerevandakı PPX alayına hücumun baş verməsi Putin-Əliyev-Sarkisyan üçlüyünün Sankt-Peterburqdakı görüşündən sonra Rusiyanın informasiya məkanında torpaqların geri qaytarılması barədə razılığın əldə edilməsi xəbərlərinin artmasından sonra baş verib.

İqtisadi tənəzzül və cəbhədəki məğlubiyyətlər Ermənistanı qorxuda saxlayır

Beləliklə, Rusiya tərəfinin DQ münaqişəsinin həllinin yalnız tərəflər arasında baş tutacağını bəyan etməsinin ardınca, Ermənistanda təlaşın baş qaldırması və bu fonda erməni analitiklərinin var-gəl etmələri də sübut edir ki, əgər sözügedən faktor reallaşarsa, işğal altındakı torpaqlarımız qısa müddətdə erməni təcavüzündən azad oluna bilər.

Yeri gəlmişkən, Aram Amatuni bu xüsusda xatırladıb: “2016-cı ilin sonlarında Serj Sarkisyanın Stepanakertdə (Xankəndində-R.N.)Ermənistandan olan mədəniyyət işçiləri ilə görüşündə Qarabağla bağlı danışıqların mövcud olmaması barədə dediyi fikirləri, eləcə də bu mövzuda ciddi danışıqların avqustda baş tutduğunu bildirməsi məsələsində də o, məhz Putinlə keçirdiyi Moskva görüşünü nəzərdə tutub”.

Nəticə olaraq, fakt həm də budur ki, Ermənistan uzun illər Rusiyanın forpostu rolunu oynadıqdan sonra, indi də həmin mövqeyini tərk etməyə cəhdlər göstərir. Lakin bu addımı atmaq Ermənistan üçün qorxuludur. Bir tərəfdən iqtisadi tənəzzül, digər tərəfdən DQ münaqişəsində real məğlubiyyətə doğru istiqamət alması deyilənləri kifayət qədər təsdiq edir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə