Millət vəkili Tehranda keçirilən konfransın əhəmiyyətindən danışdı AÇIQLAMA

“Ümumiyyətlə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Dağlıq Qarabağ məsələsinə obyektiv qiymət verən təşkilatlardan biridir. İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Parlamentlərarası Birliyi və sammiti bir neçə də Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsini pisləyib və işğalçı ölkədən beynəlxalq hüquq normalarına riyaət edilməsini tələb edib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə Tehranda keçirilən İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Parlamentlərarası Birliyinin 13-cü konfransına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sözügedən konfransda da Dağlıq Qarabağ probleminin həll edilməsi ilə bağlı məsələnin gündəmdə olması islam dünyasının bu ağrılı məsələdə Azərbaycanın yanında olduğunu göstərir: “Düzdür, bəzi islam ölkələri bir tərəfdən Ermənistanın işğalçılıq siyasətini pisləyirlər amma digər tərəfdən onunla çox sıx dostluq əlaqələri saxlamaqla rəsmi İrəvanın işğalçılıq siyasətinə faktiki olaraq müəyyən qədər dəstək vermiş olurlar. Ancaq Azərbaycan üçün vacib olan bu təşkilatın ümumən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsidir. Parlamentlərarası Birliyin 13-cü konfransında da bu məsələ müzakirə edilərsə, əlbəttə ki, Azərbaycan islam dünyasının bir hissəsi olmasına növbəti dəfə böyük bir qürur hissi keçirəcək”.

Qeyd edək ki, İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Parlamentlərarası Birliyinin 13-cü konfransı bu gün səhər İran İslam Respublikasının prezidenti Həsən Ruhani və İslam Şurası Məclisinin sədri Əli Laricaninin iştirakı ilə Tehranda işə başlayıb. Bu konfransda 41 İslam ölkəsindən olan parlament sədrləri, sədr müavinləri və nümayəndələri iştirak edirlər. İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Parlamentlərarası Birliyinin 13-cü konfransı sabah bir bəyanat yayaraq, öz işini başa vuracaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə