Hikmət Hacıyev: ""AXC İli” ilə bağlı görüləcək işlərimiz var" MÜSAHİBƏ

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyevin SƏS TV-yə müsahibəsi:

- Hikmət müəllim, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bildirib ki, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində mərhələli yanaşmanın tərəfdarıdır və buna görə də tərəflərin özləri razılığa gəlməlidirlər”. Sarkisyan bütün razılaşmaları pozduğu halda onunla hansısa razılığa gəlmək nə dərəcədə mümkündür?

- Rusiya xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamasında vacib məqamı qeyd etdi. Bildirdi ki, münaqişənin həlli mərhələli şəkildə olmalıdır və digər açıq qalan məsələlər isə növbəti mərhələlərdə davam etdirilməlidir. Bu baxımdan biz Sergey Lavrovun bu açıqlamasını alqışlayırıq və dəstəkləyirik. Azərbaycanın da mövqeyi ondan ibarətdir ki, bu danışıqlar mərhələli şəkildə aparılaraq nəticə etibarı ilə münaqişənin həllinə gətirib çıxarmalıdır. Danışıqlar prosesinin ümumi mahiyyəti və formalaşmış prinsipləri də məhz bunu özündə ehtiva edir ki, danışıqlarda mərhələli bir yanaşma olmalıdır. Çünki burada birinci mərhələnin həyata keçirilməsi növbəti mərhələlərin həyata keçirilməsi üçün münbit zəmin yaratmalıdır.

Məsələn, biz buna nümunə olaraq yenilənmiş "Madrid prinsipləri"ni göstərə bilərik. Yenilənmiş "Madrid prinsipləri"nin ilk təməl prinsiplərindən biri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılmasıdır. Təbii ki, Ermənistanın siyasi hərbi rəhbərliyi münaqişənin həll edilməsinə imkan verməmək, danışıqlar prosesinə imitasiya xarakteri vermək və müəyyən texniki məsələləri gündəmə gətirərək vacib həllini gözləyən məsələlərdən, o cümlədən işğal olunmuş ərazilərdən Ermənistanın qoşunlarını çıxarmaq kimi məsələlərdən diqqəti yayındırmaq siyasəti yürüdür. Amma Azərbaycanın qəti və prinsipial mövqeyinin nəticəsidir ki, 2017-ci ilin oktyabr ayında Ermənistanın danışıqlar masası arxasına qayıtması təmin olundu və dövlət başçıları səviyyəsində Cenevrədə 16 oktyabr tarixində görüş keçirildi. Bundan sonra danışıqlar prosesində müəyyən dinamika və intensivlik müşahidə olunur. Azərbaycan Respublikası, ATƏT-in Minsk Qrupunun həmsədrləri və beynəlxalq ictimaiyyətlə münaqişənin ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq səylərini bundan sonra davam etdirəcək.

- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulur. Bu görüş nə zaman və harada olacaq?

- Bəli, bu görüşün vaxtı artıq dəqiqləşib. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri Edvard Nalbadyanla görüşü 18 yanvar 2018-ci ildə Polşanın Krakov şəhərində baş tutacaq. Bu görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin də iştirakı nəzərdə tutulur. Görüşün müzakirə mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində olan məsələlərin ətraflı müzakirəsidir. Belə ki, 2017-ci ilin 16 oktyabr tarixində dövlət başçıları səviyyəsində Cenevrədə keçirilmiş görüşdən sonra danışıqlar prosesində müəyyən intensivlik və dinamika yaradılmışdır.

Azərbaycanın qəti və prinsipial mövqeyi nəticəsində Ermənistanın danışıqlar masasına qayıtması təmin olunub. Bunun ardınca isə 2017-ci ilin dördüncü rübü ərzində XİN səviyyəsində ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşlər keçirilib. Son görüş isə 2017-ci ilin 6 dekabr tarixində Vyanada ATƏT-in Xarici İşlər Nazirləri Şurası çərçivəsində Ermənistan və Azərbaycan XİN rəhbərlərinin həmsədrlərlə birgə görüşü baş tutub ki, bu görüşdə də konkret və məntiqi xarakter daşıyan məsələlər ətrafında müzakirələr aparılıb. Ona görə də Krakov şəhərində keçiriləcək görüş 2017-ci ilin son rübündə yaranmış dinamikanın davamıdır.

Azərbaycan tərəfinin münaqişənin həlli ilə bağlı mövqeyi bəllidir. Azərbaycanın mövqeyi ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Rəsmi Bakı mərhələli şəkildə münaqişənin həll edilməsinin tərəfdarıdır.

- Sizcə, nəyə görə, dünya birliyi Krım, Abxaziya və Oestiya məsələsində olan münasibətini Dağlıq Qarabağla bağlı mövqeyində görmürük?

- Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanğıcından bu günə kimi biz görürük ki, beynəlxalq ictimaiyyət tərədindən müəyyən mülahizələr və qərəzli mövqelər əsasında ikili yanaşma mövcuddur. Həqiqətən də bu qəbuledilməz bir məqamdır ki, bir dövlət XX əsrin sonunda gücdən istifadə edərək digər dövlətin ərazilərini işğal edir və beynəlxalq ictimaiyyət də buna münasibətdə susqunluq nümayiş etdirir. Bu sanki XX əsrin 30-40-cı illərində faşistlərin elə törətdikləri əməllərin bir təkrarıdır. Ona görə də güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını pozmaq cəhdləri, güc tətbiq edərək ərazi əldə etmək və etnik təmizləmə törətmək kimi cəhdlər qəbuledilməzdir.

Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən “hücum diplomatiyası” nəticəsində beynəlxalq ictimai rəydə artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar, o cümlədən də post-Sovet məkanında olan həlli uzadılmış münaqişələr kontekstində dolğun fikir formalaşıb. Biz bunun bariz təzahürünü Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələri ilə yekun sammitində gördük. Bu sammitin yekun bəyanatında açıq şəkildə ifadə olunur ki, “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazisində olan münaqişələrə münasibətdə beynəxalq hüququn norma və prinsipləri və həmin ölkələrin ərazi bütövlüyünə münasibətdə isə Avropa İttifaqının vahid və birmənalı mövqeyi vardır.

- Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etdi. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı xarici ölkələrdə nə kimi işlər görməyi planlaşdırır?

- Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması dövlət başçısının milli dövlətçiliyimizə, Azərbaycan tarixinə göstərdiyi diqqət və qayğının növbəti bir təzahürü və göstəricisidir. Bu çərçivədə digər dövlət qurumları ilə bərabər Azərbaycan XİN tərəfindən də “Tədbirlər Planı”nın təkib hissəsi olaraq müəyyən addımlar və tədbirlər nəzərdə tutulub. Burada ilk növbədə 28 may Respublika Günü ilə əlaqədar Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində Respublika Günü kimi qəbullar və xüsusi mərasimlər keçiriləcək. Beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünə, ölkəmizin müstəqilliyinə və dövlətçiliyinə olan hörmətin təzahürü kimi bu kimi tədbirlər mütəmadi təşkil olunacaq. Həmçinin bu “Tədbirlər Planı”nında nəzərdə tutulan fəaliyyətlərdən biri də diplomatik nümayəndəliklərimizin fəaliyyət göstərdikləri ölkələrin arxivlərinin araşdırılması, orada Azərbaycan Demokratik Respublikasının (ADR) dövrünə aid materialların toplanması və onların müxtəlif dərgilər formasında çap edilməsidir. Bununla belə ADR dövründə diplomatik və xarici siyasət fəaliyyətinin araşdırılması, yeni faktların üzə çıxarılması daxildir. Həmçinin müxtəlif elmi konfransların, dəyirmi masaların, məqalələrin, müsahibələrin verilməsi nəzərdə tutulub ki, burada diplomatik nümayəndəliklərimiz qarşısında konkret vəzifə və tapşırıqlar vardır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə