XİN rəsmisi nazirlərin görüşünü şərh etdi AÇIQLAMA

“Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri Edvard Nalbadyanla görüşü 18 yanvar 2018-ci ildə Polşanın Krakov şəhərində baş tutacaq”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN sözçüsünün sözlərinə görə, bu görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin də iştirakı nəzərdə tutulur: “Görüşün müzakirə mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində olan məsələlərin ətraflı müzakirəsidir. Belə ki, 2017-ci ilin 16 oktyabr tarixində dövlət başçıları səviyyəsində Cenevrədə keçirilmiş görüşdən sonra danışıqlar prosesində müəyyən intensivlik və dinamika yaradılmışdır.

Azərbaycanın qəti və prinsipial mövqeyi nəticəsində Ermənistanın danışıqlar masasına qayıtması təmin olunub. Bunun ardınca isə 2017-ci ilin dördüncü rübü ərzində XİN səviyyəsində ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşlər keçirilib. Son görüş isə 2017-ci ilin 6 dekabr tarixində Vyanada ATƏT-in Xarici İşlər Nazirləri Şurası çərçivəsində Ermənistan və Azərbaycan XİN rəhbərlərinin həmsədrlərlə birgə görüşü baş tutub ki, bu görüşdə də konkret və məntiqi xarakter daşıyan məsələlər ətrafında müzakirələr aparılıb. Ona görə də Krakov şəhərində keçiriləcək görüş 2017-ci ilin son rübündə yaranmış dinamikanın davamıdır.

Azərbaycan tərəfinin münaqişənin həlli ilə bağlı mövqeyi bəllidir. Azərbaycanın mövqeyi ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Rəsmi Bakı mərhələli şəkildə münaqişənin həll edilməsinin tərəfdarıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə