“Tütün məmulatları gənclərin sağlamlığına ziyandır” MÜNASİBƏT

“Bütün dünyada tütün məmulatlarının qadağası ilə bağlı müxtəlif qərarlar qəbul edilib”. Bunu SİA-ya açıqlamasında ekspert Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, hətta bir çox ölkələrdə tütün məmulatlarının istifadə prosesi TV-lərdə qadağan edilib: “Burada bir neçə vacib istiqamətlər var. Əvvəla tütün məmulatları sağlamlığa ziyandır. Bunu bütün səhiyyə müəssisələri etiraf edirlər. Digər bir məqam isə gənclərin sağlam həyat vərdişinə vurulan zərbə ilə bağlıdır. Ən əsası isə tütün məmulatlarından istifadə etməyənlərin diskomfortu ilə bağlıdır. İstənilən halda bu qərar cəmiyyətdə təqdir edilir. Bu qadağa gənclərin sağlam həyat tərzini stimullaşdıracaq”.

Qeyd edək ki, Milli Məclis 2017-ci il dekabrın 1-də keçirilən plenar iclasda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul edib.

Qanuna görə, təhsil və tərbiyə müəssisələri, onların ərazilərində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla), idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla), ticarət, məişət obyektlərində, sosial xidmət müəssisələrində, teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektlərində, uşaq meydançalarında, beynəlxalq və yerli nəqliyyat marşrutlarında, o cümlədən taksilərdə və digər çoxsaylı ictimai yerlərdə tütün məmulatlarından (siqaret), sulu qəlyan və elektron siqaretdən istifadə etmək qadağan edilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə