“Lavrov görüş öncəsi yumşaq mühit yaratmaq istəyib” ŞƏRH

“Ötən gün Rusiyanın XİN başçısı Sergey Lavrovun keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll edilməsi ilə bağlı fikri bizi tam şəkildə qane edir. Çünki biz bu mövqeyi uzun illərdir ki, irəli sürürük və onun tərəfdarıyıq”. Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

"Mərhələli həll planı bizim xeyrimizədir"

Politoloq bildirib ki, mərhələli planda ilk növbədə Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması, daha sonra isə Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin müzakirə edilməsi öz əksini tapır: “Bir sözlə desək, plan münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini özündə əks etdirir. Azərbaycan tərəfi dəfələrlə bu mövqeyi irəli sürsə də, Ermənistan buna yox deyir, əngəllər törədir, problemlər yaradır. Bu baxımdan Lavrovun ötən gün keçirilən mətbuat konfransında bu cür ifadə səsləndirməsi, bizim xeyrimizədir ”.

"Əgər münaqişəni tərəflər özü həll edirsə, o zaman ATƏT-in Minsk qrupu nəyə lazımdır?

Rusiya XİN başçısının “Dağlıq Qarabağ münaqişəsini tərəflər yalnız özləri həll edə bilər” fikrinə gəlincə F.Sadıqov bunun ziddiyyətli olduğunu qeyd edib: “Əgər münaqişəni tərəflər özü həll edirsə, o zaman ATƏT-in Minsk qrupu nəyə lazımdır? Əgər onların problemin həlli ilə bağlı uzun illik vasitəçiliyi heç bir nəticə vermirsə, o zaman biz bunu necə həll etməliyik? Təbii ki, Azərbaycanın problemin həlli ilə bağlı çox güclü hərbi potensialı var. Amma məsələnin sülh yolu ilə həlli mövqeyi ortadadırsa, o zaman bunu necə anlamaq olar? Azərbaycanın 20 faiz torpaqları işğal altındadır və 25 ildən artıqdır ki, Ermənistan problemin həlli ilə bağlı heç bir kompromisə getmir. Məsələnin iki həll variantı var. Ya Azərbaycan öz torpaqlarını işğaldan azad etməlidir, ya da Minsk qrupunun həmsədrləri, Rusiya düşmən ölkəyə təzyiq göstərməlidir. Bu məsələdə biganəlik nümayiş etdirmək olmaz. Bu baxımdan Lavrovun bu fikri bir sıra suallar doğurur ”.

"Lavrovun fikirləri görüş ərəfəsində yumşaq şəraitin yaranmasına bir cəhddir”

Lavrovun Azərbaycan və Ermənistan XİN başçılarının Krakovda keçiriləcək görüşü öncəsi bu cür fikirlər irəli sürməsi ilə bağlı sualı cavablandıran politoloq qeyd edib ki, görüş öncəsi belə fikirlərin irəli sürülməsi təsadüfi deyil: “Lavrov Azərbaycan və Ermənistan XİN başçıları arasında baş tutacaq görüş öncəsi yumşaq mühit yaratmaq istəyib. Rusiya XİN başçısı məsələni qıcıqlandırmaq istəmir. O anlayır ki, nazirlər görüşməli, müzakirələr aparılmalı, mövqelər bildirilməlidir. Bu baxımdan düşünürəm ki, Lavrovun fikirləri görüş ərəfəsində yumşaq şəraitin yaranmasına cəhddir”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 18-də Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə