Bəhruz Quliyev: “ABŞ Dövlət Departamentinin bəyanatı reallığı əks etdirmir” AÇIQLAMA

ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici ölkələrə səfəri zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb. Azərbaycan təhlükəsizliyə təhdid baxımından ikinci kateqoriya ölkələr siyahısına daxil edilib.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev deyib ki, ABŞ Dövlət Departamentinin Azərbaycan haqqında açıqlamaları həqiqəti əks etdirmir: “Bildiyiniz kimi zaman-zaman ABŞ-dan olan müxtəlif anti-Azərbaycan qüvvələr də ölkəmizin əleyhinə müxtəlif bəyanatlar və bu tipli reallığa uyğun olmayan sərsəm fikirlər səsləndiriblər. Bu həqiqət ola bilməz. Çünki indiyədək Azərbaycanda keçirilən müxtəlif yerli və beynəlxalq tədbirlərdən, idman yarışlarından xoş xatirələrlə ayrılan iştirakçıların özləri də etiraf edirlər ki, Azərbaycan sabit, sakit, təhlükəsiz və tursitlər üçün əlverişli bir ölkədir. Məhz bunun nəticəsidir ki, son dövrlərdə ölkəmizdə turistlərin sayı da sürətlə artıb. Bir sözlə ABŞ Dövlət Departamentinin yaydığı informasiya sərsəm bir bəyanatdır”.

Media Qrupun rəhbəri bildirib ki, bu gün Avropa ölkələrinin əksəriyyətində terror hadisələri, qanlı münaqişələr baş verir və separatizm meyilləri mövcuddur: “Amma təəssüflər olsun ki, ABŞ Dövlət Departamenti ya bunu görmür, ya da görməzlikdən gəlir. Azərbaycanın riskli ölkələr siyahısına salınması anormal baxışdan xəbər verir. Bununla heç cür razılaşmaq olmaz. Hesab edirəm ki, bu anti-Azərbaycan qüvvələrin əli ilə həyata keçirilən növbəti bir təxribatdır”.

Bəhruz Quliyev əlavə edib ki, Azərbaycanda möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlik mövcudur: "Ümumiyyətlə, Azərbaycanda dini nöqteyi-nəzərdən heç bir qarşıdurma ehtimalı belə gözlənilmir. Azərbaycan tolerantlıq nümunəsidir və ölkədə dini icmalar arasındakı münasibətlərdə tam sabitlik hökm sürür və multikultural dəyərlərə böyük önəm verir. Amma bu gün Avropa və ABŞ-ın özü belə multikultural dəyələrdən imtina edir. Bununla bağlı ABŞ-da, Qərb ölkələrində müxtəlif dövrlərdə aksiyalar keçirilir. Hesab edirəm ki, Azərbaycan bu ölkələrə örnək ola bilər. Çünki, ölkəmizdə müxtəlif dinlərə hörmətlə yanaşılır, insanların hüquq və azadlıqları təmin edilir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə