"REAL" real danışmadı və... TƏRS BAXIŞ

Nə konfrans keçirildi, nə də partiya yaradıldı

Bir müddət "Respublikaçı Alternativ Hərəkatında" (“REAL”) səsssizlik hökm sürdükdən sonra, bu qurum daxilində də çaxnaşma və qarşıdurmalar baş qaldırıb. Buna səbəb isə ilk növbədə, "REAL" sədri İlqar Məmmədovun həbsdə olmasıdır. Yəni sədrin həbsdə olması onun işini davam etdirən iki-üç funksionerin ziddiyyətli vəziyyətə düşmələrinə səbəb olub. "REAL"-ın icraçı katibi Natiq Cəfərli ilə hərəkatın idarə heyətinin üzvü Azər Qasımlı arasındakı qarşıdurmanın əsas səbəbi İ.Məmmədovun həbsxanadan zaman-zaman göndərdiyi məktub-müraciətləriidir. Xatırladaq ki, o, hələ ötən il hərəkatın idarəsini məhz A.Qasımlıya həvalə etdiyini bildirmişdi. Məhz bundan sonra "REAL" adından daha çox mətbuatda görünən, müxtəlif ictimai-siyasi və iqtisadi proseslərə münasibət bildirən N.Cəfərli onun fəallığını görməzlikdən gələn İ.Məmmədova sözün açığı, qəzəbi baş qaldırıb. Çünki "REAL" sədrinin N.Cəfərliyə münasibətdə A.Qasımlıya üstünlük verməsi, həqiqətən də, belə bir situasiyanın yaranmasına gətirib-çıxarmış olub.

"REAL" partiyaya çevriləcəkmiş?

Ortada daha bir maraqdoğurucu faktor var. Məsələn, bəllidir ki, N.Cəfərli ilə A.Qasımlı arasında daha öncədən həll olunmamış qalan bir ziddiyyət yaşanmaqdadır. Ziddiyyətin əsasını isə "REAL"-ın siyasi quruma çevrilib-çevrilməməsi məsələsi təşkil edir. Çünki bir neçə zaman idi bəyan edilmişdi ki, "REAL" partiyaya çevrilir və bu qurum təsis konfransı çağırmaq üzrədir. Ancaq nə konfrans keçirildi, nə də partiya yaradıldı. Bunun yerinə isə qarşılıqlı anlaşmazlıq, ziddiyyət və ittihamlar yarandı. Beləliklə, A.Qasımlı "REAL"-ın daha tez siyasi partiyaya çevrilməsini tələb edib. N.Cəfərli isə isə mümkün qədər bu prosesi uzatmaq istəyirdi və deyəsən buna nail olmaqdadır.

"REAL" da yaxın dövrlərdə düşərgədəki digər siyasi partiyaların aqibətlərini yaşamalı olacaq

N.Cəfərli bu məsələ barədə sosial şəbəkədə və mediada fikirlərini daha öncələr də açıqlayıb. Fikirlərdən görünür ki, "REAL" müxalifətdə yeni idarəetmə forması gətirib və indi bu prosesi təkmilləşdirmək lazımdır, sonra isə partiyaya çevrilmək məsələsinə baxmaq olar.

Lakin A.Qasımlı belə düşünmür.Həmçinin o, N.Cəfərlinin guya hakimiyyətə işlədiyini iddia edir. Daha dəqiq desək, onun "Natiq Cəfərlinin həbsi və azadlığa çıxması mənim üçün qaranlıq qalıb" fikri qarşıdurmanı daha da gərginləşdirib. Bu isə "REAL" üçün heç bir səmərəli nəticə verməyib. Əksinə, nəzərdə tutulan planlar da reallaşmamış qalıb. Artıq hesab etmək olar ki, "REAL" da yaxın dövrlərdə düşərgədəki digər siyasi partiyaların aqibətlərini yaşamalı olacaq. Hətta partiyaya çevrilməmiş olsa belə…

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə