Elxan Şahinoğlu: “Vaşinqton dostlarını sürətlə itirir” AÇIQLAMA

“Vaşinqton dostlarını sürətlə itirir. Yəni Azərbaycan ABŞ vətəndaşları üçün Ermənistan və Gürcüstandan daha təhlükəlidir? ABŞ-ın hansı vətəndaşı bu illərdə Azərbaycanda hansısa təhlükə ilə üzləşib? Neçə il öncə Amerika Respublika İnstitutunun rəhbəri Bakıdakı mənzilində öldürülmüşdü, ancaq bunun terrorla əlaqəsi yox idi, məişət zəminində baş verən cinayət idi. Başqa olay yadıma düşmür. Görünür, Amerikada hesab ediblər ki, Azərbaycan İranla qonşu olduğundan amerikalıların məmləkətimizə gəlməsi risqlidir. Ona qalsa Ermənistan da İranın qonşusudur və iki dövlət arasında isti münasibətlər var. Bəs Ermənistanın adı niyə siyahıda yoxdur?”. SİA-nın verdiyi mlumata görə, bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiya diplomatiyası Dövlət Departamentinin Azərbaycanla bağlı xəbərdarlığından məharətlə istifadə etdi: “Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova Azərbaycanı tərifləyərək, bu ölkənin təhlükəsiz və turistlər üçün münasib məkan olduğunu vurğuladı. Bu da amerikalılarının axmaq siyasətinin nəticəsi. Bu cür yanaşma ilə Amerika dost saydığı ölkələri də özündən uzaqlaşdırır. 2001-ci ilin sentyabrın 11-də terrorçular Amerikaya hücum etdilər, 3 min vətəndaş terrorun qurbanı oldu. Onda eyni məntiqlə Azərbaycan XİN açıqlama verib deməliydi ki, bu müddətdə Azərbaycan vətəndaşlarının Amerikaya səfərləri məqbul deyil? Belə bir açıqlama Vaşinqtonun xoşuna gələrdimi? Və ya Amerikanın böyük şəhərlərində elə küçələr var ki, orda turistlərin təhlükəsizliyinə zəmanət verilmir. Özüm 1999-cu ildə bunun şəxsən şahidi olmuşam. Onda belə çıxır ki, turistlər Amerikaya getməməlidirlər? Nə isə, bəzilərimiz Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının məhdudlaşdırılması məqsədilə okeanın o tayına boylanarkən, okeanın o tayı yarıtmaz siyasəti ilə Rusiyanın bölgədə daha çox fəallaşmasına şərait yaradır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə