Elmar Məmmədyarov səfiri qəbul edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

XİN-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Görüş zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin hazırkı səviyyəsindən, yüksək səviyyəli səfərlər mübadiləsindən məmnunluq ifadə olundu.

Səfir Doroxin fəaliyyət müddəti ərzində Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylə çalışdığını bildirdi və ölkələr arasında münasibətlərin səmimi xarakterinin bundan sonra da davam etdiriləcəyinə, əldə olunmuş təcrübənin hər iki dövlət və xalqların maraqları naminə istifadə ediləcəyinə ümidvar olduğunu vurğuladı. V.Doroxin həmçinin Azərbaycanın sabitliyi və tərəqqisi istiqamətində Azərbaycan hökumətinə uğurlar arzuladı.

Nazir Elmar Məmmədyarov fəaliyyəti müddətində səfir Vladimir Doroxinin dövlətlər arasında münasibətlərin inkişafına töhfə verdiyini bildirərək, ona təşəkkür etdi və gələcək fəaliyyətində uğurlar arzuladı.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə