Prezident İlham Əliyev: "Azərbaycan idmançıları bu il beynəlxalq yarışlarda 347 qızıl medal qazanıblar"

Bu il Azərbaycan idmançıları xalqımızı böyük qələbələrlə sevindiriblər. Azərbaycanda idmanın inkişafı çox sürətlə gedir. Hər il idmançılarımız müxtəlif beynəlxalq yarışlarda yüksək nəticələr göstərir, medallar qazanırlar. Bu il də medalların sayı kifayət qədər çoxdur. Azərbaycan idmançıları bu il bütün beynəlxalq yarışlarda 851 medal qazanıblar ki, onlardan 347-si qızıl medaldır. Keçən illə müqayisədə medalların sayı daha çoxdur. Bu, onu göstərir ki, idmanın inkişafı dinamik xarakter daşıyır və idmançılarımız ardıcıl olaraq böyük qələbələr qazanırlar.

SİA-nın məlumatına görə, bu fikri Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin dekabrın 18-də 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında deyib.

Bu il bir çox idman qələbələrimizin olduğunu diqqətə çatdıran dövlətimizin başçısı onların arasında bir neçə hadisəni xüsusi qeyd edərək bildirib: “Bizim şahmatçılarımız üçüncü dəfə Avropa çempionu olmuşlar. Bu, böyük qələbədir, böyük nəticədir. Bu nəticə onu göstərir ki, bizim idmançılarımız həm döyüş, həm komanda, həm intellektual idman növlərində ən yüksək pilləyə qalxırlar. Şahmat üzrə Avropa çempionatında birinci olmaq doğrudan da böyük nailiyyətdir, böyük qələbədir.

Bu il bizim iki idmançımız - Məmmədrəsul Məcidov və Hacı Əliyev boks və sərbəst güləş üzrə üçqat dünya çempionu olmuşlar. Bu da tarixi qələbədir. Olimpiya idman növündə üçqat dünya çempionu olmaq böyük uğurdur, böyük qələbədir”.

Azərbaycan idman məktəbinin yetirməsi – azərbaycanlı idmançı Ramil Quliyevin bu il ilk dəfə olaraq yüngül atletika üzrə dünya çempionu olduğunu xatırladan Prezident İlham Əliyev bunu da tarixi qələbə kimi qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə