Bakıda İslam həmrəyliyinə həsr olunan konfrans keçirilib TƏDBİR

Bu gün Bakıda “Prezident İlham Əliyevin siyasəti və İslam həmrəyliyi: anlaşmadan əməkdaşlığa doğru” mövzusunda konfrans keçirilib.

SİA-nın verdiyi məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Prezident yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə baş tutan konfransda Dövlət Komitəsinin rəhbərliyi, Qafqaz Müsəlmanları İdarəsinin rəsmiləri, eləcə də elm və din xadimləri iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, ölkədə bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsi həm İslam dünyası, həm də ölkədəki dini icmalar, konfessiyalar tərəfindən böyük maraqla qarşılanıb: “Bu il hər yerdə böyük əks-səda doğurub. Bu gün İslam dünyasının həmrəyliyə böyük ehtiyacı var. Azərbaycanda İslam həmrəyliyi baxımından böyük irəliləyişə nail olunub. Çünki ölkədə müxtəlif təriqətlər, konfessiyalar arasında həmrəylik mövcuddur”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanın İslama yanaşmasının düzgün formada qurulduğunu diqqətə çatdırıb: “Azərbaycan bu istiqamətdə düzgün yol seçib. Dövlət tərəfindən dinə istənilən kömək göstərilir. Bu onun göstəricisidir ki, dünyada Azərbaycan nümunə kimi göstərilir. Ölkədə bütün dinlər bərabər şəkildə icra olunur”.

Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov isə qeyd edib ki, İslam dini tarix boyu sülhü və vəhdəti təmin edib: “Bununla bağlı "Qurani-Kərim"də və müsəlmanların digər müqəddəs mənbələrində çoxsaylı norma və müddəalar var. Azərbaycanda insanların İslam dininə sərbəst etiqad etməsi üçün bütün şərait yaradılıb və bundan sonra da davam edəcək. Azərbaycanda İslam dini icmalarının dövlətlə münasibətləri çox yüksək səviyyədədir”. O həmçinin vurğulayıb ki, dekabrın 21-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə konfrans keçiriləcək və tədbirdə bir çox ölkənin dini xadimləri iştirak edəcək.

Tədbirdə 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan edilməsi ilə böyük missiyanı üzərinə götürən Azərbaycanın İslam həmrəyliyinin bərqərar olmasında özünəməxsus mövqeyinin möhkəmləndirilməsinə, zamanın böyük probleminə çevrilmiş İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn fəaliyyət istiqamətləri və bu sahədə qarşıda duran məsələlər müzakirə edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə