Sarkisyan-Karapetyan qarşıdurması şiddətlənir SİYASİ TƏHLİL

Ermənistan siyasi ambisiyaların qurbanına çevrilib

Ermənistan hakimiyyətində seçkiqabağı müşahidə olunan siyasi ziddiyyətlər bir qədər də dərinləşib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Haykakan jamanak” qəzeti prezident Serj Sarkisyanla baş nazir Karen Karapetyan arasındakı siyasi mübarizənin artdığını yazır. O cümlədən, erməni mediası bu qarşıdurmanın ölkəni məhvə doğru sürüklədiyini də qeyd edir.

Onu da bildirmək olar ki, son dövrlərə qədər Sarkisyan Karapetyanın mövqelərinə zərbə endiridi, sonuncu isə nə baş verdiyini anlamağa çalışırdı. Ancaq indiqarşı tərəf, hər şey anlayıb və əks-fəaliyyətə keçib. Son günlər isə onların arasında nəinki rəsmi, hətta işğüzar görüşlər belə keçirilmir. Ermənistanın “Lragir.am” saytı bu barədə yazır ki, Serj Sarkisyanın keçirdiyi iclaslarda Karen Karapetyanın görünməməsi tərəflərin açıq müstəvidə düşmən mövqeyinə keçdiklərini sübuta yetirir.

Baş nazirin son günlər fəaliyyəti göstərir ki, o, “alternativ” statusunu qazanmaq qərarına gəlib

Bununla yanaşı, Serj Sarkisyan hələ də ümid edir ki, Karen Karapetyan öz postunda çox qalmayacaq və çox keçmədən istefaya gedəcək. Lakin hazırda Kremlin Serjin yanında deyil, Karenin yanında olması da göz önündədir. Yəni rəsmi Moskva da öz növbəsində, Karapetyana dəstəyini davam etdirir. Bununla belə, ona ciddi ümid bağlamır. Ancaq baş nazirin son günlər fəaliyyəti göstərir ki, o, “alternativ” statusunu qazanmaq qərarına gəlib. Misal üçün, o bu yaxınlarda bəyan edib ki, konstitusiyanın tələbləri ona 2018-ci ildə baş nazir postunda fəaliyyətini davam etdirəcəyinə imkan verəcək.

Bu arada Ermənistan hakim Respublika partiyasının sədr müavini Armen Aşotyan bugünlərdə jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, parlament seçkilərindən sonra hakim partiya baş nazir postuna Karen Karapetyanın namizədliyini irəli sürəcək. Ümumiyyətlə, siyasi müşahidəçilər də Ermənistanda prezident postuna daha bir iddialı siyasi fiqurun meydana çıxmasından söz açırlar. Belə ki, əgər Serj Sarkisyana alternativ kimi son zamanlar sabiq baş nazir Ovik Abramyanın adı daha çox çəkilirdisə, artıq Karen Karapetyanın da adı bu siyahıya daxil olmağa başlayıb. Hazırkı baş nazirin dövlət başçısı olmaq istəyi onun Rusiyadan siyasi dəstəyinin güclü olması ilə izah edilir.

Ermənistan hakimiyyətinin yuxarı eşalonunda fikir ayrılığı yarpaq tökümünə səbəb olub

Erməni politoloqlar isə hesab edirlər ki, hazırda Ermənistanda baş verən sistemli böhran ölkənin çöküşü ilə yanaşı, hakimiyyətdaxili münasibətlərə də kifayət qədər mənfi təsir göstərib. Məsələn, Serj Sarkisyanın ötən il və bu il ən yaxın tərəfdarlarının müxalifətə keçməsi onun siyasi mövqelərini laxladıb. Bu proses prezidentlə baş nazir arasında ziddiyyətlərin artmasında da özünü daha çox göstərməyə başladıb. O cümlədən, Ermənistan hakimiyyətinin yuxarı eşalonunda fikir ayrılığı yarpaq tökümünə səbəb olub. Hətta Sarkisyanla Xocalı soyqırımına görə, eyni məsuliyyəti daşıyan Seyran Ohanyan da ona qarşı müxalifətə keçib və hazırda ona qarşı ən sərt çıxışları ilə yadda qalır. Ekspertlərin fikrincə, bu gün Sarkisyana qarşı müxalifətə keçmiş sabiqlər Karen Larapetyana ümid edirlər. Çünki Karapetyan hakimiyyəti ələ alarsa, onların etdikləri “yaxşılıqları” unutmayacağını düşünürlər.

Xüsusilə də Karen Karapetyanın Moskvaya səfərləri zamanı yüksək səviyyədə qarşılanması və görüşlərin keçirilməsi, Rusiyanın Karapetyanla saziş imzalayaraq Ermənistana bu ilin yazında 300 milyon dollar həcmində kredit ayırması bas nazirin Kremldə dəstəklənməsi və Ermənistanın gələcək lideri qismində görməsi kimi dəyərləndirilib. Bu da heç şübhəsiz ki, Sarkisyanın ciddi narazılığına səbəb olub. Yəni Sarkisyan Karapetyanı artıq özünün siyasi rəqibi, deyil, hətta düşməni kimi görməyə başlayıb. Ona görə də prezident baş nazirin irəliləməsinin qarşısını hər vəchlə almağa çalışır.

Serj Sarkisyan Moskvada sonuncu dəfə qəti aydınlıq gətirmək istəyir ki, Ermənistan prezidenti postunda onu görmək istəyirlər, yoxsa Karapetyanı

Erməni ekspertlərinin proqnozlarına görə, parlament seçkilərindən sonra yeni hökumət formalaşarkən Karapetyan Sarkisyanı əvəz edəcək. Əldə olunan məlumatlara görə Sarkisyanın Moskvaya növbəti təcili səfəri olacaq. O, Moskvada sonuncu dəfə qəti aydınlıq gətirmək istəyir ki, Ermənistan prezidenti postunda onu görmək istəyirlər, yoxsa Karapetyanı. Onu da nəzərə alsaq ki, Serj Sarkisyan bir müddət öncə Avropaya meyllənərək müxtəlif sazişləri imzalayıb, onda nəticəyə gəlmək olar ki, onun bu “təzyiqi” yalnız özünə xələl gətirib. Daha doğrusu, Moskva onu ölkə rəhbəri kimi görmək marağını itirib.

O cümlədən, Serj Sarkisyanın seçkiqabağı bir neçə siyasi cəbhədə qarşıdurma vəziyyətində olması onun siyasi durumunu ağırlaşdırıb. Bu da prezidentə qarşı ciddi siyasi rəqiblərin formalaşmasına gətirib çıxarıb. Ona görə də belə vəziyyətdə Sarkisyan vəziyyətdən çıxış yolunu cəbhə xəttində vəziyyətin gərginləşdirilməsində görür.
Zaman-zaman, hətta bəzən gündəlik olaraq, işğalçı Ermənistanın cəbhə xəttində təxribat törətməsi bunu bir daha sübut edir. Sarkisyan rəqiblərini ittiham edir ki, onları Qarabağ problemi deyil, daha çox hakimiyyət uğrunda mübarizə maraqlandırır. Yəni o, bununla da siyasi xal toplamağa çalışır. Amma Ermənistan prezidentinin oyunları göründüyü kimi, öz əleyhinə çevrilib. Üstəlik, bu düşmənçilik Ermənistanı iki nəfərin – Serj Sarkisyanın və Karen Karapetyanın siyasi ambisiyalarının qurbanına çevirməkdədir.

R.RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə