Komitə sədri: “Azərbaycanın islama yanaşması düzgün formada qurulub”

"Azərbaycanın islama yanaşması düzgün formada qurulub". SİA-nın verdiyi məlumata görə, bunu bu gün Bakıda keçirilən "Prezident İlham Əliyevin siyasəti və İslam həmrəyliyi: anlaşmadan əməkdaşlığa doğru" adlı konfransda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, dünyada islamı tamam başqa ad altında təqdim edirlər: "Bəzən bu, subyektiv səbəblərdən olsa da, əksər hallarda isə bəzi ölkələr buna imkan yaradır ki, islamı onların istədikləri kimi təqdim etsinlər. İslam daxilində olan müəyyən qüvvələr prinsiplərdən kənara çıxaraq öz qanunları ilə cəmiyyəti başa istiqamətlərə yönəldərək canfəşanlıq edirlər. Ona görə də ilk olaraq bunların qarşısı alınmalıdır".

S.Novruzov bildirib ki, islamın şərhini ictimaiyyətə düzgün çatdırmaq lazımdır: "İslam oyunları keçirildikdə su əsas simvol seçildi. Bu islamla bilavasitə əlaqəli olan amil idi. Başqa atributların seçilməsi müəyyən problemlər yarada bilərdi. Çünki sui-istifadə etməyə çalışan başqa ölkələr var. İslamı düzgün olaraq "Qurani-Kərim"də təqdim olunduğu kimi bəşəriyyətə çatdırmaq vacibdir".

Komitə sədri deyib ki, Azərbaycan bu istiqamətdə düzgün yol seçib: "Dövlət tərəfindən dinə istənilən kömək göstərilir. Əsas dini tədbirlərdə dövlət başçısı şəxsən iştirak edir. Bu onun göstəricisidir ki, dünyada Azərbaycan nümunə kimi göstərilir. Ölkədə bütün dinlər bərabər şəkildə icra olunur. Qanunla qadağan olunmayan şəkildə bütün icmalar fəaliyyət göstərir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə