Müsavat partiyası növbəti parçalanmaya doğru SİYASİ RAKURS

Partiyadaxili xaos davam edir

Müsavat partiyası demək olar ki, növbəti parçalanmanın astanasında dayanıb. Belə ki, başqan müavini Elman Fəttahın başqa müavinliyindən vediyi səsli-küylü istefasının ardınca, siyasi təşkilatın aparıcı funksionerlərindən hesab edilən, hətta Divan üzvü olan Alya Yaqublunun başqan Arif Hacılını və onun yaxınlarını partbilet satmaqda, eləcə də saxta siyasi mühacir arayışları verməkdə ittiham etməsi proqnozun reallaşacağını əminliklə deməyə əsas verir. Xüsusilə, növbəti başqan seçimləri ərəfəsində A.Yaqublunun sözügedən məsələni qabartması digər nüansları önə çıxarmağa başlayıb...

Divan üzvü Alya Yaqublu başqan müavini Tofiq Yaqublunu niyə müdafiə edir?

Misal üçün, bu haqda ötən yazılarımızın birində qeyd etmişdik ki, hazırda A.Yaqublunun əmisi oğlu, başqa müavini Tofiq Yaqublu Müsavatın qatı düşməni hesab edilən “Milli Şura”da təmsil olunan yeganə üzvüdür və o təmsil olunduğu partiyadan daha çox AXCP kuluarlarında görünür. Ona görə də hazırda A.Hacılı klanı İsa Qəmbərin göstərişi ilə T.Yaqubluya qarşı kampaniyaya start verib. Ona görə də A.Yaqublu istər-istəməz öz qohumunun tərəfini saxlamaq məqsədi ilə elə T.Yaqublunun verdiyi faktlar əsasında əks-hücuma keçib və sosial şəbəkə vasitəsi ilə A.Hacılı-İ.Qəmbər cütlüyünə tərəf ardıcıl ittihamlar yağdırmağa başlayıb.

Artıq o da agah olub ki, başqan müavinliyindən istefa vermiş E.Fəttah A.Yaqubuya saxta partiya biletlərinin və arayışların verlməsi ətrafında bəzi kompromatları ötürüb. Bu, necə deyərlər onun qisas almasının tərkib hissəsi olaraq anlaşıla bilər. Misal üçün, Müsavatın icra aparatının rəhbəri Gülağa Aslanlı E.Fəttahınm istefası ilə bağlı danışmaq istəmədiyini deməklə, həqiqətdə partiya daxilində kəskin fikir ayrılıqlarının, ziddiyyətlərin olduğunu dolayısı ilə etiraf etdi.

Başqan müavinliyindən istefa vermiş Elman Fəttah Tofiq Yaqublu qruplaşmasında

Başqa tərəfdən, E.Fəttahın T.Yaqublu-A.Yaqublu qruplaşmasına daxil olmasını onun istefası ilə bağlı T.Yaqublunun göstərdiyi münasibəti olub. Əbəs yerə deyil ki, Müsavatın “Milli Şura”dakı yeganə təmsilçisi T.Yaqublu E.Fəttahın istefa verməsini doğru yol hesab edib. Üstəlik, E.Fəttahın onun qruplaşmasında yer almasını öz təbirincə “pərdələyib” də. SİTAT: “Çünki partiyada fikir ayrılığı var. Düzdür, Elman Fəttah mənim “Milli Şura”da olmağımı istəmir. Ancaq bu istefa mənimlə bağlı deyil, onun dediyi fikir ayrılığı ilə əlaqədardır”.

Başqa tərəfdən, E.Fəttahın hələ ötən ay istefa ərizəsi yazdığı bəlli olub. Lakin onun istefasının dekabrın 13-də mətbuata sızması digər maraqlı məqamları açığa çıxarıb.

Razim Əmiraslanlı Elman Fəttahın yerinə başqan müavini təyin olunub, növbəti istefaların isə kimlər tərəfindən veriləcəyi bəllidir

Məsələn, istefa xəbəri çıxmamışdan bir gün öncə Müsavat başqanı Arif Hacılı partiyanın təşkilat şöbəsinin sədri, Divan üzvü Razim Əmiraslanlını özünə müavin təyin etmiş, lakin onun hansı məsələlər üzrə müavin təyin olunduğu açıqlanmamışdı. E.Fəttahın müavinlikdən gedişindən sonra R.Əmiraslanlının onun yerinə təyin olunduğu deyilsə də, bu fikirlərə qarşı A.Hacılı ayrı mövqe sərgiləyərək, guya partiyada müavin yerlərinin boş olduğunu “əsas” gətirib. Ona görə də R.Əmiraslanlını özünə müavin təyin etdiyini deyib. Ancaq fakt budur ki, R.Əmiraslanlı bilavasitə E.Fəttahınm yerinə gətirilib.

Beləliklə, Müsavat partiyasında yaşanan qalmaqalların heç də səbəbsiz yerə baş qaldırdığını demək olmaz. Faktlar göz önündədir və parçalanma amilinin sürətlə gerçəkləşməsi fonunda növbəti istefaları gözləməyə dəyər. E.Fəttahın ardınca digər başqan müavini T.Yaqublunun, Divan üzvü A.Yaqublunun da istefaları gündəmdədir. Hər halda A.Hacılı və onun klanı bu həqiqəti nə qədər gizli saxlamağa cəhdlər göstərsələr də, həqiqət bütün hallarda bu gizliliyi yarıb, özünü biruzə verəcək.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə